“ŞƏKİ REŞ”: HAZIRLIQ İŞLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ YERİNƏ YETİRİLİB
Ölkə enerji sistemində əvvəlcədən həyata keçirilmiş hazırlıq işləri “Şəki Regional Elektrik şəbəkəsi”ndə (REŞ) də özünü müsbət yönümdə büruzə verir. Belə ki, bu günədək müəssisənin balans mənsubiyyətinə daxil olan yarımstansiya və enerji daşıyıcılarında xoşagəlməz qəza halları baş verməmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidməti sözügedən müəssisədən daxil olan məlumata əsasən bildirir ki, iqlim şəraitində REŞ-in normal şəkildə fəaliyyət göstərməsi həyata keçirilmiş qabaqlayıcı hazırlıq işlərinin nəticəsidir.
Mənbədən daxil olan məlumata görə, bu məqsədlə son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik I, II “Şəki” və “Zaqatala”, “İsmayıllı” və digər 35 kV-lik hava xəttində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 35 kV-lik “Muxax” HX-də dayaqlararası yeni metal dayaqlar quraşdırılmışdır.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 110 kV-lik “Zaqatala” yarımstansiyasında bir ədəd 35 kV-lik yağ açarı əsaslı, 10 və 20 MVA-liq transformatorlar isə cari təmir olunmuşdur. Analoji təmir işləri “İsmayıllı” yarımstansiyasında da həyata keçirilmişdir. Ümumiyyətlə, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 110 və 35 kV-lik yarımstansiyaların 20-dən çoxunda müxtəlif təyinatlı təmir işləri görülmüş, o cümlədən təmir olunmuş transformatorların ümumi gücü 160 MVA-ya yaxın olmuşdur.
Yeri gəlmişkən, müəssisənin tabeliyində olan EŞ-lərdə də təmir işləri aparılmışdır. Ümumiyyətlə isə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqları texniki göstəriciləri baxımından iqlim şəraitinə tam hazırdır. Təmir işləri barəsində ətraflı məlumat verən mənbə onu da bildirdi ki, analoji işlərin növbəti aylarda da davam etdirilməsi üçün lazımi material ehtiyatı yaradılmışdır. Onu da qeyd edək ki, yaz aylarında sel daşqınları ilə əlaqədar bütün çay yataqlarının yaxınlığından keçən xətlərin dayaqları yoxlanılıb və təhlükə yarada biləcək dayaqların dibi bərkidilib.
Sonda onu da qeyd edək ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir.
Xatırladaq ki, “Şəki Regional Elektrik şəbəkəsi” Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı və Qəbələ EŞ-ləri əlaqələndirir.