TƏMİR İŞLƏRİ DAVAM EDİR

Image

İstehkakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Şamaxı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində 35 kV-lik “Hacıqədirli” yarımstansiyasında 1,6 MVA-lıq transformator dəyişdirilmişdir. “Çuxuryurd” yarımstansiyasında isə bir dəst vakuum açarı quraşdırılmışdır. Eyni zamanda 10 kV-lik “Qonaqkənd” HX-dən qidalanan 160 KVA transformator daha güclüsü ilə  - 250 KVA ilə, Göylər kəndində isə 100 KVA transformator 160 KVA-ya dəyişdirilmişdir. Bütün bunlarla yanaşı ümumi gücü 2 MVA-ya yaxın olan 6 transfornator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmiş və doqquz TM-də aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı xeyli sayda ayrıcı, açar dəsti və qoruyucu dəyişdirilmişdir.

Qeyd edək ki, müxtəlif gərginlikli (10, 6 və 0,4 kV-lik) 3,4 kilometrə yaxın EVX təmir olunmuş və 6 dayaq dəyişdirilmişdir. Eyni zamanda sayğaclaşma işi ilə əlaqədar olaraq 390 metrə yaxın SİP kabel çəkilmiş və 150-ə yaxın sayğac quraşdırılmışdır.

Mənbə onu da bildirdi ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 6,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş və ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz azalaraq 3,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 12 faizdən çox artmışdır.

Onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 36 istehlakçının (bunun 28-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 91,9 min kilovatsaata yaxın (bunun 62,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 290-dan artıq istehlakçının (bunun 260-dan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 624 min  kilovatsaata yaxın (bunun 192,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 37,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.