ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Image

“Kürdəmir Elektrik Şəbəkəsinin kollektivi yola saldığımız ildə rayon istehlakçılarına daha da dayanıqlı keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş  tədbirlər planını, əsasən həyata keçirmişdir. Hazırda təmir bərpa işləri davam etdirilir.

Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  son üç ay ərzində şəbəkənin istismar sahələrindəki müxtəlif gücdə 40-dan artıq transformator əsaslı və cari təmir  edilərək təkrar sxemə qoşulmuşdur.

Qeyd edək ki, sözügedən dövrdə 10 kV-lik hava xəttinin 5,8 kilometrə yaxın, 0,4 kV-lik hava xətlərinin isə 3,9 km-ə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılıb.

Onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 43 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 151,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində burada 475 qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 4 milyon 39,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 242,4 min manata yaxın istehlak dəyəri bərpa edilmiş, onun 21 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən daxil olan digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisə üzrə ümumilikdə 13,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 7,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri enerji sistemin təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.