TƏMİR İŞLƏRİ DAVAM EDİR
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Xizi” elektrik şəbəkəsində (EŞ) də itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər, o cümlədən yenidənqurma və təmir işləri davam etdirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, son üç ay ərzində Giləzi qəsəbəsində hər birinin gücü 160 KVA olan transformatorlar daha güclüsü ilə 250 KVA ilə, bir ədəd 250 KVA gücündə transformator isə 630 KVA ilə əvəzlənmişdir. Eyni zamanda iki transformator isə yenisi ilə əvəzlənmiş və ümumi gücü 2,1 MVA-dan artıq olan 7 transformator da təmir edilərək istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı 15 KTM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən xeyli sayda ayrıcı və qoruyucu da dəyişdirilmişdir.
Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 4,1 kilometrə yaxın naqil və 6 ədəd dayaq dəyişdirilmişdir. Eyni zamanda, 0,4 kV-lik EVX-lərdə 2,4 kilometrdən artıq SİP markalı kabel xətti çəkilmiş və 75 sayğac quraşdırılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə cari ilin yanvar ayında 7,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 5 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 630 min kilovatsaata yaxın, ödənişdə isə mütləq artım ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz olmuşdur.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40 istehlakçının (bundan 38-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən qeyri qanuni istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 225,2 min kilovatsaatdan artıq (bunun 201,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 13,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Sonda onu da qeyd edək ki, ötən il ərzində bu müəssisə üzrə 160-a yaxın istehlakçının (bunun 144-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 21,1 min kilovatsaata yaxın (bunun 377,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 61,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.