TEXNİKİ İTKİLƏR AZALDILIR

Image

Respublikamızın şimal bölgəsinin iqtisadiyyatında Şabran ra­yonunun özünəməxsus yeri və rolu var. Bu mənada, rayonun elektrik enerjisi təchizatının yüksək səviyyadə təmin olunması da xüsusi əhəmiyyət kəsb edir.

“Şabran Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilir ki, rayonun elektrik enerjisi təchizatı 110 kilovoltluq I «Xaçmaz»  və «Çarxı» hava  xətləri, 110/35/10 kV-lik “Şabran” və “Rəhimli” yarımstansiyaları vasitəsilə həyata  keçirilir.

“Şabran”  yarımstansiyasının 16 MVA-lıq 1 nömrəli  transformatorunun 110 kV-lik avadanlıqların yerinə müasir  tipli  eleqaz açarı  və cərəyan transformatorları  quraşdırılıb. Ayırıcı və boşaldıcılar təmir işlərindən  sonra yeni  özüllər üzərində montaj  edilib. 16 MVA-lıq 1 və 2 nömrəli transformatorlarda 2 ədəd 10 kV-lik giriş vakuum açarı quraşdırılıb. Eyni zamanda, ya­rımstansiyanın 10 kV-lik yağ açarları cari təmir olunub.

"Rəhimli”  yarımstansiyasında isə 6,3 MVA gücündə transformator cari, 10 kV-lik «Təzəkənd» hava xəttinin (HX) yağ açarı isə  əsaslı təmir edilib.

Qeyd edək ki, 35 kV-lik “Pirəbədil” yarımstansiyasındakı 1,0 MVA gücündə  transformatorun 3 ədəd  35 kV-lik boşaldıcıları yenisi ilə əvəz edilib və 10 kV-lik yağ açarları  cari təmir  olunub.

“Zeyvə” yarımstansiyasındakı 1,6 MVA gücündə transformatorda «Zeyvə» hava xəttini «Azneft» hava xəttindən ayıran 35 kV-lik ayırıcı  quraşdırılıb. Bundan başqa,  yarımstansiyada cari təmir işləri aparılıb.

Ümumiyyətlə, 2012-ci il ərzində şəbəkə ərazisində 6 ədəd   transformator  mən­­­­­­­təqəsində əsaslı təmir  işləri görülüb, eyni gərginlikdə olan 116 ədəd transformator məntəqə­sin­də cari təmir işləri aparılıb, «Şabran» yarımstansiyasından qidalanan 10 kV-lik «Beş­mərtəbə» hava xəttində də əsaslı təmir işləri aparılıb.

Texnoloji itkiləri  azaltmaq və transformatorlardan səmərəli istifadə etmək  məqsədilə  Leyti, Maytablı kəndlərində, şəhərin M.Əsədov küçəsində transformatorlar dəyişdirilib, bəzi yerlərdə naqillər yenisi ilə əvəzlənib.

Yeri gəlmişkən, bu il şəbəkədə görüləcək işlərin miqyası genişdir.  Buraya «Rə­himli» yarımstansiyasına «Xaç­maz» hava xəttindən xətt çəkilməklə 2-ci transformatorun və eleqaz açarlarının quraşdırılması, «Dağbilici» və «Qorğan» hava xətlərində 10 kV-lik yağ açarının vakuum açarı ilə dəyişdirilməsi, «Çaraq», «Xəlfələr» və «Çöl­quşçu» hava xətlərində ümumilikdə 26 kilometr uzunluğunda  əsaslı təmir işlərinin aparılması, itkilərin azaldılması məqsədilə Rəhimli kəndində 160 kVA-lıq transformatorun 250 kVA,  Acıqaraqaşlı kəndində 250 kVA-lıq transformatorun 160 kVA-lıqla əvəz edilməsi daxildir.