“SAATLI EŞ”: TƏMİR İŞLƏRİ APARILIR
“Saatlı Elektrik Şəbəkəsi”ndə istehkakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində 10 kV-lik “Kompleks”, II “Şəhər”, “Nəsimikənd”, “Mircəlalkənd” və digər bir neçə HX-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumilikdə 4,3 km-ə yaxın xətdə təmir edilmişdir. Eyni zamanda analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdə də həyata keçirilmiş və həmin bu xətlərin 6,7 km-dən artıq hissəsi təmir olunmuşdur.
Qeyd edək ki, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan müxtəlif gücdə 35 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
Müəssisədən verilən digər bir məlumata görə, cari ilin yanvar ayında ümumilikdə 11,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 9,7 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 5,2 faiz olmuşdur.
Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumi istehlak 79,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ümumi ödəniş isə 2011-ci illə müqayisədə mütləq 13 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 55 milyon kilovatsaata və 11 faizə yaxın olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 58 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 239,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 14,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 24 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, ötən il ərzində keçirilmiş reydlər zamanı 530-dan artıq istehlakçının qayda pozması faktı aşkar edilərək 2 milyon 781,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 166,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 45 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.