MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR HƏYATA KEÇİRİLiR
Ötən il ərzində “Göygöl Elektrik Şəbəkəsi” xidməti ərazisində texniki-istismar səviyyəsinin yüksəldilməsi, istehlakçılara daha da keyfiyyətli elektrik enerjisi verilməsi istiqamətində bir sıra məqsədyönlü işlər həyata keçirib.
Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ilin IV rübü ərzində ümumi gücü 20,1 MVA-ya yaxın olan 63 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Eyni zamanda 19 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə şəbəkənin texniki heyəti 6-10 kV-lik xətlərin 3,2 km-ə yaxın, 0,4 kV-lik xətlərin isə 2,3 km-dən artıq hissəsində təmir işləri aparmışlar. Bütün bunlarla yanaşı 20-dən artıq dayaq da dəyişdirilmişdir. Həmçinin hava xətlərinin müəyyən hissəsi yaşıl kütlədən təmizlənmişdir.
“Elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçıların qeydə alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 48 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 285,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 17,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 28 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, ötən il ərzində isə burada 350 qayda pozuntusu aşkar edilərək 2 milyon 443,6 min kilovatsaat itirilmiş elektrik enerjisinin 146,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, cari ilin yanvar ayında aşkar edilmiş qayda pozuntularına görə, 4 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 7,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 9 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 7 faizə yaxın çoxdur.
Sonda onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumi istehlak 82,7 milyon kilovatsaata yaxın, 2011-ci illə müqayisədə ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 25,4 milyon kilovatsaata yaxın və 3,4 faiz olmuşdur.