DAYANIQLIQ TƏMİN EDİLİR
Ötən ilin payız-qış mövsümünə dair tərtib olunmuş tədbirlər planı yerinə yetirilsə də “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tabeliyində olan elektrik şəbəkələrində dekabr-yanvar aylarında əsasən cari təmirlərə üstünlük verilib. Nəticədə elektrik enerjisi verilişinin dayanıqlığı və keyfiyyəti yaxşılaşıb.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son aylar elektrik verilişi xətləri (EVX) üzrə 650-yə yaxın izolyator və 39 kq-dan çox naqil yenisi ilə əvəz olunub, metal dayaqlarda qaynaqdan qopmuş 94 metrə yaxın künclük yenidən bərpa edilib. Mütəmadi olaraq davam etdirilən işlərdən biri də hava xətlərinin trassasının ağaclardan təmizlənməsi olub.
Qeyd edək ki, regional şəbəkənin müxtəlif coğrafi ərazilərdə yerləşən yarımstansiyalarında yağ açarlarının təmiri, transformatorların dəyişdirilməsi və digər avadanlıqların təzələnməsi həyata keçirilib. 35 kV-lik «Vağzalyanı-1», «Sadıllı», «Quşçuluq», «Süzgənc» və «Gəncə çay» yarımstansiyalarında, habelə «Göygöl-2», «Yeni Qırlı», «Alabaşlı», «Saratovka», «Tatlı», «Poylu Nasos», «Şıxlı», «Yeniabad» və «Çinarlı» yarımstansiyalarında müxtəlif gücə malik transformatorlar və yağ açarları təmirdən çıxarılıb. Bununla yanaşı, 110 kV-lik «Gəncə-1» yarımstansiyası ilə 3 saylı 31,5 MVA transformatoru əlaqələndirən kabel xətti kanala salınıb. 110 kV-lik «Bağban» yarımstansiyasında isə 2 saylı 10 MVA transformatorun 6 kV-lik şin körpüsü quraşdırılıb, keçid izolyatoru dəyişdirilib və yarımstansiyanın kontur torpaqlama müqaviməti normaya uyğunlaşdırılıb. 110 kV-lik «Zəyəm» yarımstansiyasında daimi sabit gərginliyi təmin etmək üçün akkumulyator batareyaları quraşdırılıb. «Şampan-zavod» yarımstansiyasında 16 MVA transformator, 10 kV-lik giriş açarı, 10 kV-lik «Sahə» və «Dəllər» hava xətlərinin vakuum açarları dəyişdirilib, şinləri təmir olunub.
Mənbəyə istinadən onu da qeyd edək ki, yeni təqvim ilinin ilk ayında “Gəncə Elektrik Şəbəkəsi”ndə 7 ədəd transformator məntəqəsində əsaslı, 9 ədəd transformator məntəqəsində isə cari təmir işləri görülüb.
“Samux” EŞ-də bir ədəd transformator təmirdən çıxarılmaqla 10 kV-lik hava xəttində əsaslı və cari təmir işləri görülüb.
“Ağstafa” və “Qazax” elektrik şəbəkələrində də hava xətlərində və transformatorlarda cari və əsaslı təmir işləri görülüb. Şəbəkələrin kollektivləri zəruri yerlərdə təmir işlərini davam etdirirlər.