GÖRÜLƏN İŞLƏRİN MÜSBƏT NƏTİCƏSİ
“Tovuz Elektrik Şəbəkəsi”nin xidmət göstərdiyi ərazilərdə elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Enerji təsərrüfatında aparılan bu tədbirlər öz bəhrəsini verməkdədir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, görülən tədbirlər nəticəsində istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində vəziyyət normallaşıb, mühüm irəliləyişlər əldə edilib. Elektrik enerjisindən istifadə zamanı baş verən neqativ halların aşkarlanması üçün mütəmadi olaraq reydlər keçirilir və qaydaları pozan istehlakçılara qarşı ciddi tədbirlər görülür.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin yanvar ayında müəssisənin xidmət ərazisində 10,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 12,6 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 5,1 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 14,6 faiz azdır.
Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumi istehlak 132,2 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə (2011-ci illə müqayisədə) 17 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 50,2 milyon kilovatsaatdan artıq və 12 faizə yaxın olmuşdur.
Mənbədən əldə edilən digər bir məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 554 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 544,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 152,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, cari ilin yanvar ayında sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 68 qayda pozuntusu faktı qeydə alınaraq 328,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 19,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 69 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən onu da bildirdilər ki, şəbəkənin relyefi mürəkkəb olduğundan burada baş verən təbii fəlakətlər enerji təsərrüfatına da təsirsiz ötüşmür. Lakin qəzanın nəticələri tez bir zamanda aradan qaldırılır. Bölgənin rayonlarını qidalandıran xətlərdə itkilərin həcmi əhəmiyyətli dərəcədə azalıb, elektrik enerjisinin keyfiyyət göstəriciləri xeyli yaxşılaşıb. Bütün bunlara isə enerji təsərrüfatında aparılan təmir-bərpa işləri nəticəsində nail olunub. O cümlədən, son üç ay ərzində 10, 6 və 0,4 kV-lik xətlərin ümumilikdə 3,6 km-ə yaxını təmir olunmuş, 20-yə yaxın dayaq dəyişdirilmişdir.
Sonda onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 19-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 25,2 MVA-dan artıq olan 70 transformatorda da əsaslı təmir işləri aparılmışdır.