ŞƏMKİR EŞ: TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

“Şəmkir” elektrik şəbəkəsindən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında  müəssisə üzrə 20,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödənişdə isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq dinamik artım əldə edilmişdir. O cümlədən,  daimi əhali istehlakçı qrupunda isə istehlak 9,4 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,2 faiz azdır. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 2,3 faiz artmışdır.

Qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumi istehlak 296,1 milyon kilovatsaata yaxın, ödəniş isə 2011-ci illə müqayisədə 2 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər 83,3 milyon kilovatsaatdan artıq və 4,4 faiz olmuşdur.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 80 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 934,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 56 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 43 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, ötən il ərzində isə burada 632 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 8 milyon 851,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 531,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 94 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin yanvar ayında aşkar edilmiş qayda pozuntularına görə, 12 istehlakçı barəsində toplanmış sənədlər müvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.

Sonda mənbə onu da bildirdi ki, son üç ay ərzində müəssisənin xidməti ərazisində 550 metrə yaxın yeni kabel xətti çəkilmiş, balans mənsubiyyətinə aid olan 6-10 kV-lik xətlərin 6,3 km-ə yaxın, 0,4 kV-lik xətlərin isə 4,9 km-dən artıq hissəsi təmir olunmuşdur. Eyni zamanda 57 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 69,3 MVA-dan artıq olan 73 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.