ÖDƏNİŞ SƏVİYYƏSİ ARTIRILIR

Image

Sayğaclaşma işlərinin uğurla həyata keçirilməsi və istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay ödəniş səviyyəsi artırılır.

“Astara Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə cari ilin yanvar ayında ümumilikdə 4,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 15 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 13 faizdən çox olmuşdur.

Mənbəyə istinadən qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumilikdə 50,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edimişdir. Ödəniş isə 2011-ci illə müqayisədə 8 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq  35,5 milyon kilovatsaatdan və 7 faizdən artıqdır.

Mənbədən elektrik enerjisindən qeyri qanuni istifadə ilə bağlı daxil olan məlumatda o da bildirilir ki,  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 59 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 265,3 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 15,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 28 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə burada 154 qayda pozuntusu faktına görə akt tərtib olunmuşdur. Nəticədə 821,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 49,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 45 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“İstehlakçılara göstərilən xidmətin səviyyəsinin artırılması istıqamətində təmir-bərpa işləri uğurla davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik xətlərin 3,8 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 70-dən artıq TM-də əsaslı və cari təmir işləri görülmüş, bir transformator isə əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.