«SUMQAYIT ES»: REAL İŞLƏRİN NƏTİCƏSİ

Image

Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir.  Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri də ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il ərzində burada 2 milyard 26,1 milyon kilovatsaat  yaxın elektrik enerjisi istehsal etmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.  Qeyd edək ki, cari ilin yanvar ayı ərzində isə 277 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ilin son üç ayı ərzində də stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir.

Onu da qeyd etymək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda sözügedən dövrdə bir sıra yanğın texniki tədbirlər həyata keçirilmişdir. Buna Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun şəxsi heyəti ilə birgə 2 dəfə ümumi obyekt təlim məşq toplantısının keçirilməsini, Könüllü Yanğın Dəstələrinin (KYD) yanğın döyüş hazırlığı çərçivəsində sexlərarası yarışların və məşqlərin keçirilməsini göstərmək olar.

Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar istismardadır. Elektrik stansiyasında istehsal olunan elektrik enerjisinin enerji sistemə ötürmək üçün hər birinin uzunluğu 6,5  kilometrə yaxın olan iki ədəd 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri çəkilərək istismara verilmişdir. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur.