“QAX EŞ”: DİNAMİK ARTIM QEYDƏ ALINMIŞDIR
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən il istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.
“Qax Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə ötən ilin dekabr ayında ümumilikdə 3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 17,3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 1,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş isə 2011-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır.
Qeyd edək ki, ötən il ərzində isə ümumilikdə 35 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 2011-ci illə müqayisədə mütləq 8 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 21,5 milyon kilovatsaata və 6 faizə yaxın olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər EŞ-lərdə olduğu kimi, burada da qayda pozuntularının müəyyən edilməsi, onların qarşısının alınması istiqamətində mütəmadi reydlər keçirilir və bu istehlakçılara qarşı daha sərt tədbirlər görülür. Müəssisənin xidməti ərazisində 2012-ci ilin dekabr ayında keçirilmiş reydlər zamanı 36 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 134,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 8,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Ümumiyyətlə, burada ötən il ərzində 172 qayda pozuntusu faktı aşkar edilərək 772,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 46,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda mənbə bu göstəricilərə nail olunmasının əsas səbəbi kimi, sayğaclaşdırmanın əsasən başa çatdırılması, 10 kV-lik xətlər üzrə ötürülən elektrik enerjisinin balans hesabatlarının aparılması, EVX və TM-lərdə təmir işlərinin aparılması və digər amillərlə əlaqələndirdi. Belə ki, ötən ilin son üç ayı ərzində Güllük, Qıpçaq kəndlərinin 10 kV-lik, eyni zamanda rayon mərkəzinin, Almalı, Əlibəyli kəndlərinin 0,4 kV-lik şəbəkələrində ümumilikdə 25,5 km-ə yaxın xətt təmir olunmuşdur. Bütün bunlarla yanaşı 7 TM-də də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.