“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR
Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir REŞ”-in də xidməti ərazilərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri yerinə yetirilir, o cümlədən itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 500 kV-luq II “Abşeron”, 330 kV-luq I “Abşeron”, V “Mingəçevir” və 220 kV-luq I-II “Mingəçevir”, “Qəbələ” və digər elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir. Bu hava xətlərinin metal aralıq dayaqları müəssisəmizin xətt işçiləri tərəfindən mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və 2012-ci ilin IV rübündə həyata keçirilmiş təmir işləri barəsində o da bildirilir ki, həmin bu dövrdə II “Abşeron” HX-də 11 dayaqda, I “Abşeron” və V “Mingəçevir” HX-lərin hər birində 6 dayaqda naqillər təmir olunmuş, eyni zamanda xətlərin dayanıqlığının artırılması istiqamətində məqsədyönlü işlər aparılmış, dayaqların möhkəmliyi artırılmışdır. Analoji təmir işləri 220 kV-lik I “Mingəçevir” HX-də də aparılmışdır. Ümumilikdə isə sözügedən dövrdə bu xətlərin 22,4 km-dən artıq hissəsində təmir işləri reallaşdırılmışdır.
Qeyd edək ki, bunlardan əlavə sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid 110 kV-lik I “Gəncə”, I-II “Ucar”, I-II “Yevlax”, 35 kV-lik II “Bərdə” və “Dımirlər” HX-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və xətlərin ümumilikdə 12,3 km-i təmir olunmuşdur.
Digər təmir işlərindən məlumat verən mənbə, onu da bildirdi ki, hesabat dövründə texniki istismar vəziyyətini yüksəltmək məqsədilə 35 kV-lik 12 ədəd yağ açarı və 7 ədəd trasformator, bir ədəd 110 kV-lik yağ açarı təmir edilmişdir. Eyni zamanda 110 kV-lik “Ucar” yarımstansiyasında 8 ədəd yağ aşarı müasir tipli eleqaz açarla dəyişdirilmiş, 8 dəst cərəyan transformatoru və iki dəst gərginlik transformatoru yenisi ilə əvəz olunmuşdur. Bütün bunlarla yanaşı Göyçay şəhərinin elektrik enerji təchizatını daha da möhkəmləndirmək məqsədilə 110 kV-lik eyniadlı yarımstansiyada da yenidənqurma işləri başa çatdırılmışdır.
Yeri gəlmişkən, Ağdaş şəhərinin elektrik enerji təchizatını daha da möhkəmləndirmək məqsədilə 110 kV-lik eyniadlı yarımstansiyada 16 MVA transformatorun 25 MVA-lıqla əvəz edilmisi istiqamətində məqsədyönlü işlər aparılmışdır.