“XAÇMAZ” REŞ: “XUDAT” YARIMSTANSİYASININ GÜCÜ ARTIRILMIŞDIR
Yeni generasiya güclərinin işə salınması ilə yanaşı şəbəkələrin tikilməsinə, yenidənqurulmasına və təmirinə də böyük diqqət yetirilir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi nəticəsində istehlakçılara verilən elektrik enerjisinin dayanıqlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Digər enerji obyektlərində olduğu kimi, “Xaçmaz Regional Elektrik Şəbəkəsi”nin (REŞ) kollektivi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyalarda və elektrik verilişi xətlərində müvafiq yenidənqurma, təmir-tikinti işləri həyata keçirirlər. Ötən ilin sonlarında isə 110 kV-lik 2x63 MVA gücündə “Şahdağ” yarımstansiyası istismara verilmişdir.
Müəssisədən ötən ilin son üç ayı ərzində görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Xudat” yarımstansiayasında güc artımı ilə əlaqədar 2 saylı 10 MVA transformator yeni 16 MVA-lıq transformatorla əvəzlənmiş və həmin bu transformatorun girişində 10 kV-lik yeni vakuum aşarı quraşdırılmışdır. Eyni zamanda sözügedən dövrdə 1 saylı 16 MVA-lıq transformator və onun avadanlıqlarında da təmir işləri aparılmışdır.
Qeyd edək ki, bu dövrdə 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 1 saylı 25 MVA transformatorda və 10 kV-lik çıxış HX-lərin açarlarında əsaslı təmir işləri aparılmış, I “Şəhər” HX-nin yağ açarı vakuum tipli açarla əvəzlənmişdir. “Quba” yarımstansiyasında isə 1 saylı 40 MVA və 2 saylı 25 MVA transformatorlarda və onların avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 110 kV-lik “Qusar”, “Siyəzən”, “Broyler”, 35 kV-lik “Quba”, “Kanal”, “Alpan” yarımstansiyalarında müxtəlif gücdə transformatorlarda, çıxış HX-lərin açarlarında, bölmələr arası avadanlıqlarda, xüsusi sərfiyyat transformatorlarında təmir işləri reallaşdırılmışdır.
Yarımstansiya və EVX-lərində texniki-istismar səviyyəsini yüksəltmək məqsədilə görülmüş tədbirlərdən söz açan mənbə onu da bildirdi ki, yeni 110 kV-lik “Ləzə” HEVX istismara verilmişdir. 330 kV-lik “Xaçmaz”, “Dərbənd”, 110 kV-lik “Çarxı”, “Xudat-Yalama”, II “Quba” və digər bir neçə HEVX-lərə baxış keçirilmiş və ortaya çıxan nasazlıqlar aradan qaldırılmışdır. O cümlədən, dəmir künclüklərlə metal dayaqların dayanıqlığını təmin edilmiş və 250-dən çox izolyator yenisi ilə əvəzlənmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, 110 kV-lik “Xudat-Yalama”, “Qonaqkənd” və digər iki EVX-də ümumilikdə 8 dayaq dəyişdirilmiş, 35 kV-lik “Zeyvə” HEVX-də yenidənqurma işləri aparılmış və ümumilikdə HEVX-lər üzrə 108,5 km-lik hissədə təmir və bərpa işləri aparılmışdır. Mənbəyə istinadən sonda onu da qeyd edək ki, analoji təmir-bərpa işləri davam etdirilir.