XAÇMAZ EŞ: TƏMİR İŞLƏRİ VƏ REYDLƏR DAVAM EDİR
İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifə olduğundan bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Xaçmaz Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, ötən ilin IV rübü ərzində Xaçmaz şəhəri və rayonun yaşayış məntəqələrinin elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə bir sıra mühüm işlər görülmüşdür. Belə ki, qəza açılmalarının qarşısını almaq məqsədilə 10 kV-lik “Pivə-Zavod” HX-də 1,3 km naqil yenisi ilə əvəzlənmiş, beş dayaq düzləndirilmiş, 5,4 km məsafədə HX-yə yaxın ağaclar budanmış və 7,5 km məsafədə naqillər tarımlanmışdır.
Qeyd edək ki, analoji təmir işləri 10 kV-lik “Çarxı”, “Yergüc”, “Əhmədova” və digər xətlərdə də həyata keçirilmişdir. Ümumiyyəltlə, sözügedən xətlər üzrə bu dövrdə ümumilikdə 4,3 km-dən artıq xətt təmir edilmiş, xeyli sayda dayaq dəyişdirilmişdir. Eyni zamanda ifrat yüklənmənin qarşısının alınması və texnoloji itkilərin azaldılması məqsədilə Ərəb kəndində 40 KVA transformator 100 KVA ilə, Əzizli kəndində isə 30 KVA transformator 100 KVA ilə əvəzlənmişdir. Həmçinin Qaraqaşlı, Hacıqurbanova və digər bir neçə kənddə transformatorlar yüklənmə rejiminə uyğun dəyişdirilmişdir. Bütün bunlarla yanaşı müəssisənin balans mənsubiyyətinə aid olan 20 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, ötən ilin dekabr ayında müəssisə üzrə 11,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. İstehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişi 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 10 faizə yaxın çoxdur. Ümumiyyətlə, ötən il ərzində burada 143,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş isə 2011-ci ilin müvafiq dövründəki göstəricidən mütləq 11 faizə yaxın çoxdur. Daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 88,3 milyon kilovatsaata və 7 faizə yaxın olmuşdur.
Mənbədən daxil olan digər bir məlumata görə, ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 86 istehlakçının (bunun 54-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 295,2 min kilovatsaatdan artıq (bunun 89,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, ötən il ərzində isə 540-dan çox qayda pozuntusu (bunun 424-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 3 milyon 10,9 min kilovatsaatdan artıq (bunun 798,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 180,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdi. Hesabat dövründə həmin bu məbləğin 95 faiznin ödənişi təmin edilmişdir.