NƏTİCƏLƏR QƏNAƏTBƏXŞDİR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində “Şəki Elektrik Şəbəkəsi”nin də xidməti ərazisində təxirəsalınmaz tədbirlər görülür.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə ötən ilin dekabr ayında ümumilikdə 11,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə ümumi ödənişdə mütləq artım 9 faizə yaxın olmuşdur. Daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 5,7 milyon kilovatsaata yaxın və 4,2 faiz olmuşdur.
Qeyd edək ki, ötən il ərzində isə ümumilikdə 122,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 11 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 64,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 12 faizə yaxın artmışdır.
İstehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı ilə bağlı keçirilmiş reydlərin nəticəsi barədə mənbənin verdiyi məlumatda bildirilir ki, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 174,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, ötən il ərzində isə 560-dan artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 247,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 134,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin və eyni zamanda əvvəlki illərdən qalan debitor borcun da bir hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə bu uğurları müəssisənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə aparılmış yenidənqurma və təmir-tikinti işləri ilə əlaqələndirərək bildirdi ki, tədbirlər planında nəzərdə tutulmuş işlər ötən ilin son üç ayında da uğurla aparılmış və hazırda da davam etdiriir. Belə ki, 10 kV-lik “Dəyirman”, “Suçma”, “Aydınbulaq” və digər bir neçə 6 və 10 kV-lik xətlərin sözügedən dövrdə ümumilikdə 7,3 km-ə yaxın hissəsində təmir işləri aparılmışdır. 0,4 kV-lik xətlərin isə 9,5 km-ə yaxını təmir olunmuşdur. Bütün bunlarla yanaşı həmin bu dövrdə 40 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.