İSTEHSAL TƏLƏBATA UYĞUN APARILIR
Paytaxtın müəyyən hissəsinin elektrik və istilik enerjisi tələbatının təmin olunmasında müstəsna rol oynayan “Bakı İstilik Elektrik Mərkəzi”ndə işlərin lazımi səviyyədə təşkil edilməsi səbəbindən dayanıqlıq təmin olunub. Hazırda burada sutka ərzində təxminən 2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilir. Əlavə tələbat yaranacağı halda, bu həcmin daha da artırılması imkanları mövcuddur. Stansiya dispetçer qrafikinə uyğun iş rejimində fəaliyyətini davam etdirir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ötən ilin dekabr ayında 43,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, 2012-ci il ərzində isə burada elektrik enerjisinin istehsalı 547,2 milyon kilovatsaata yaxın olmuşdur.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Mənbənin bildirdiyinə görə, əldə olunan uğurlar, həmçinin, fasiləsiz və keyfiyyətli enerji istehsalına nail olunması bir sıra amillərlə şərtlənir. Bunlardan da ən mühümü növbəti qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edilməsi olub. Ümumilikdə isə görülən işlərin, o cümlədən ötən ilin IV rübündə həyata keçirilmiş işlərin miqyası genişdir. Bunlara 1 və 2 saylı qaz-turbin qurğularında (QTQ) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri, boylerdə cihazların təftişi, mazut nasoslarının təmiri və s. daxildir. Bütün bunlarla yanaşı, sahildə hava kompressorunun soyuducu su xəttinin dəyişdirilməsi, sahildə suvarma xəttinin quraşdırılması, istiləşdirmə xəttinin bərpası da həyata keçirilən tədbirlərdəndir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, sözügedən dövrdə burada 110 kilovoltluq yarımstansiyanın modernləşdirilməsi istiqamətində də zəruri addımlar atılmışdır. O cümlədən, I və II “8-ci km” HX-də sözügedən gərginlikli yağ açarları müasir eleqaz açarlarla əvəzlənmiş, 35 kV-lik yarımstansiyaya gedən 2-ci qida xətti kabel xətti ilə əvəzlənmiş, eyni zamanda digər yarımstansiya avadanlıqlarının təmirinin aparılması da görülən işlər sırasındadır.
Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.