TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİB
Naftalan nefti ilə müalicə üçün burada kifayət qədər sanatoriya fəaliyyət göstərir. Müalicəxanalara respublika daxilindən, MDB məkanından və xarici dövlətlərdən hər il çoxlu sayda pasient müraciət edir. Təbii ki, onların öz ölkələrinə razı qayıtmaları üçün müalicə ocaqlarının elektrik enerjisi ilə normal qaydada təmin olması çox vacibdir.
Yola saldığımız 2012-ci ili “Naftalan Elektrik Şəbəkəsi” üçün də uğurlu saymaq olar. «Mingəçevir REŞ» MMC-nin struktur tərkibinə daxil olan şəbəkədə son illər yenidənqurmaya imza atılıb. Elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edilməklə istehlakçılara keyfiyyətli və fasiləsiz elektrik enerjisi verilib.
“Naftalan” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ildə şəbəkədə aparılan məqsədyönlü işlərin nəticəsidir ki, burada itirilmiş enerji yoxdur. Enerji israfçılığına qarşı mütəmadi tədbirlər görülür.
110 kV-lik “Naftalan” yarımstansiyasında qurğu və avadanlıqların, xətlərin uzunömürlüyünü və dayanıqlığını artırmaq üçün daim profilaktiki işlər həyata keçirilir. Payız-qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planı tam yerinə yetirilib. Ötən il sözügedən yarımstansiyada doqquz ədəd 10 kilovoltluq, beş ədəd isə 35 kilovoltuq yağ açarı əsaslı təmirdən çıxarılmış, açarlara transformator yağı əlavə edilmişdir. 2 nömrəli 16 MVA-lıq transformator da cari təmir olunan avadanlıqlar sırasındadır.
Mənbəyə istinadən qeyd edək ki, Naftalan şəhərində on səkkiz ədəd və Qaşaltı kəndində iki ədəd transformator məntəqəsində əsaslı təmir işləri aparılıb. 0,4 kV-lik EVX-də altı km, 10 kV-lik EVX-də isə on iki km-lik hissədə cari təmir işləri görülüb, boşalmış naqillər dartılıb, əyilmiş dayaqlar düzəldilib və xəttə mane olan ağaclar kəsilib.
Sonda onu da qeyd edək ki, “Naftalan Elektrik Şəbəkəsi”nin kollektivi cari ilin ilk ayından işə yüksək əhval-ruhiyyə ilə başlayıblar. Onlar daha yüksək keyfiyyətli xidmət göstərməyi qarşılarına məqsəd qoyublar.