İSTİSMAR YAXŞILAŞDIRILIR
«Salyan Elektrik Şəbəkəsi »ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 840-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 4 milyon kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub. Hesabat dövründə ümumi məbləğin təxminən 50 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Mənbəyə istinadən qeyd edək ki, şəbəkə üzrə istismarın səviyyəsinin daha da yaxşılaşdırılması məsələsinə də diqqət artırılmaqdadır. Belə ki, son dövrlər ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri çərçivəsində ərazi üzrə yeni 0,4 kV-lik hava xətti çəkilib, 10, 6 və 0,4 kV-lik xətlərin 9 kilometrdən artıq hissəsində təmir işləri aparılıb.
Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq, hesabat dövründə müəssisənin xidməti ərazisində bir ədəd transformator məntəqəsi quraşdırılıb, balans mənsubiyyətinə aid transformatror məntəqələrinin 116-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda, ümumi gücü 2,6 MVA-ya yaxın olan 7 transformator da əsaslı təmir aparılaraq normal səviyyəyə çatdırıldıqdan sonra istehlakçıların xidmətinə verilib.
Sonda onu da qeyd edək ki, şəbəkədə istehlak olunan elektrik enerjisinin ödənişinin artırılması, enerjidən qeyri-qanuni istifadə və digər bu kimi neqativ halların aradan qaldırılması məqsədilə maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Ümid olunur ki, yaxın gələcəkdə şəbəkədə müasir texnologiyaların tətbiqi genişləndirildikcə, qeyd olunan arzuolunmaz hallar da tədricən aradan qalxmış olacaq.