DAYANIQLI VƏ FASİLƏSİZ ENERJİ TƏMİNATI ÜÇÜN

Image

“Ağdaş Elektrik Şəkəbəsi”nin xidməti ərazisi bir rayon mərkəzini, iki qəsəbəni, 72 kəndi əhatə edir. İstehlakçıları dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün şəbəkənin ixtiyarında 2 ədəd 110/35/10 kV-lik, 3 ədəd 35/10 kV-lik yarımstansiya, 550 ədəd transformator məntəqəsi fəaliyyət göstərir. Bununla yanaşı, 471 km 10 kV-lik, 69 km 35 kV-lik və 1042 km 0,4 kV-lik xətt istismar edilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, yola saldığımız ildə xidməti ərazidə 3,5 km 10 kV-lik, 15 km 0,4 kV-lik EVX, müxtəlif güclü 25 ədəd transformator əsaslı təmirdən çıxarılıb. Bununla yanaşı, 13,3 km 10 kV-lik, 45 km isə 0,4 kV-lik EVX və 32 ədəd transformator cari təmir edilib.

Qeyd edək ki, kollektivin qüvvəsi ilə ötən il fərdi abonentlərə 300-dən çox yeni sayğac quraşdırılıb, zədələnmiş 469 sayğac isə yeniləri ilə əvəz edilib. Rayonda aparılan tikinti-quraşdırma və abadlıq işlərində şəbəkə kollektivinin hər bir üzvünün payı vardır. Heydər Əliyev parkında, şəhər parkında, o cümlədən digər küçələrdə gedən yenidənqurma işlərində şəbəkə kollektivi yaxından iştirak edib.

Mənbə onu da bildirdi ki, şəbəkənin istismar ərazisində yerləşən Şordəhnə, Bulaq­otağı, Qarağan Sədi, Orta Ləki, Aşağı Ləki, Gü­vəkənd, Əmirarx, Malay, Binələr, Qobuüstü və Ərəbşəki kəndlərindəki 0,4 kV-lik şəbəkələrin də yenilənməyə ehtiyacı vardır.

Şəbəkədə 2013-2015-ci illəri dönüş illəri kimi dəyərləndirirlər. Ölkə başçısının tapşırığına əsasən 2013-cü ildən 10-0,4 kilovoltluq şəbəkələrin yenidən qurulmasına start veriləcək. 2005-ci ildə istifadəyə verilmiş 110/35/10 kV-lik «Ağdaş» yarımstansiyasında gücün artırılması üçün 25 MVA-lıq yeni transformator gətirilib. Həmin transformatorun istifadəyə verilməsi ilə Ləki sahəsinin enerjisi daha dəmiryol xəttindən deyil, «Ağdaş» yarımstansiyasından veriləcək.

Yeri gəlmişkən, Asiya İnkişaf Bankının dəstəyi ilə Kükəl kəndi ərazisində yeni tikilən 220 kV-lik regional yarımstansiyada son tamamlama işləri həyata keçirilir.

Mənbə sonda onu da bildirdi ki, həyətlərdə quraşdırılmış 1005 sayğacın həyətdən kənara çıxarılması prosesi başlanılıb. Ötən ilin on bir ayında 531 ədəd elektrik ener­jisindən qeyri-qanuni istifadə ilə bağlı akt yazılıb və itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyərinin 70 faizə qədəri ödənilib.