TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faiz yerinə yetirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
“Masallı” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə 2012-ci il ərzində ümumilikdə 123,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7,7 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 94,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupu üzrə ödənişdə mütləq artım 5 faizdən artıq olmuşdur.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında ümumilikdə 11,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş və 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 7 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 9 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 1,3 faiz artmışdır.
Mənbədən əldə edilən digər bir məlumata görə, ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 73 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 249,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 14,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2012-ci il ərzində isə 470-dən artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Qayda pozuntularının təsnifatına görə müvafiq qaydada hesabat aparılaraq 2 milyon 490 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 149,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, digər EŞ-lərdə olduğu kimi, burada da istehlakçıların enerji təminatının daha da yüksəldilməsi üçün müəssisənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə aparılan təmir bərpa işləri ötən ilin IV rübündə də davam etdirilmişdir. Belə ki, sözügedən ərəfədə 2,7 km-ə yaxın 10 və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 13 TM-də təmir işləri aparılmış və bir transformator əsaslı təmirdən sonra şəbəkəyə qoşulmuşdur.