TƏMİR – SAZLAMA İŞLƏRİ APARILMIŞDIR

Image

Ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerji təchizatının yaxşılaşdırılmasında böyük rolu var. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və operativ zəruri tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada ötən il ərzində 385,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.  Qeyd edək ki, ötən ilin dekabr ayında isə burada istehsal 30,1 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata müvafiq növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, o cümlədən yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin borularının istilik izolyasiyası təmir edilmişdir.

Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsini artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir. Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.