ENERJİ TƏSƏRRÜFATI YENİLƏNİR

Image

Keçən il ərzində “Biləsuvar Elektrik Şəbəkəsi”nin xidməti ərazisindən qidalanan suvarma sistemlərinin daha da yaxşılaşdırılması və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 110 kilovoltluq “Səmədabad” yarımstansiyasında ikinci 25 MVA-lıq transformator quraşdırılıb.

Bundan başqa, həmin yarımstansiyada uzun illərdən bəri istismar edilən yağ açarları yeni vakuum açarlarla əvəz olunub. İlin sonuna yaxın  bu yarımstansiyadakı 3,2 MVA-lıq transformator təmirə çıxarılıb və qüsurlar bərpa olunaraq sazlandıqdan sonra yenidən yerinə quraşdırılıb.

Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata ğörə, 110 kilovoltluq “Biləsuvar” yarımstansiyasından çıxan və şəhərin mərkəzində olan istehlakçılara xidmət edən 11 saylı “Şəhər” hava xətti əsaslı təmir olunaraq istismara verilib. Eyni zamanda suvarma sistemləri, gömrük idarəsi və sərhəd qoşunlarına xid­mət edən 10 kilovoltluq 1 saylı “Şəhər” hava xəttində 40 ədəddən çox dayaq dəmir-beton dayaqlarla əvəz olunub.

Qeyd edək ki, 110 kilovoltluq “Əmən­kənd” yarımstansiyasında 6,3 MVA-lıq transformatorun əsaslı tə­miri həyata keçirilib. Eyni zamanda, rayon mərkəzindəki Heydər Əliyev, Nizami və Mübariz İb­rahimov küçələrində  0,4 kilovoltluq şəbəkələr üzrə 10 kilometrə yaxın məsafədə SİP kabel çəkilib.

Mənbə onu da bildirdi ki, şəbəkə üzrə 440 transformator məntəqəsi mövcuddur ki, bunlardan da təxminən 320-si  müəssisənin balansına daxildir. Transformator məntəqələrində yerləşdirilmiş müx­təlif güclərdə olan transformatorlara təxminən 7 tona yaxın yağ əlavə olunub. 25-ə yaxın transformator isə əsaslı təmir olunaraq təkrar yerinə quraşdırılıb. Bundan əlavə, dayanıqlığın daha da artırılması məqsədilə ehtiyac duyulan transformatorların da təmirə cəlb olunması görülən işlər sırasındadır.

Yeri gəlmişkən, havaların soyuq keçməsi və yüklənmələrin artması nəzərə alınaraq, ehtiyat transformator bazasının formalaşdırılması da diqqətdə saxlanılıb. Bu məqsədlə “Şirvan Regi­onal Elektrik Şə­bəkəsi” MMC tərəfindən şəbəkəyə hər birinin gücü 160 kVA olan 2 ədəd ehtiyat transformator verilib.

Sonda onu da qeyd edək ki, şəbəkənin ümumilikdə yenidən qurulması qarşıda duran prioritet istiqamətlərdəndir. Bu­nun­la əlaqədar layihələşdirmə aparılıb və tədbirlər planı tutulub. Bu işlərin ilk olaraq 5000 abonentin olduğu rayon mərkəzində reallaşdırılması nəzərdə tutulur. Həmçinin Bəydilli və Xırmandallı kəndlərində də müvafiq tədbirlərin görülməsi planlaşdırılır.