“BEYLƏQAN EŞ”: TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİB

Image

Beyləqan rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Beyləqan Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər rayonun elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artmasına səbəb olmuşdur. O cümlədən, ötən ilin son üç ayı ərzində qış mövsümünə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib. Belə ki, 10 kV-lik EVX-lərin 5,8 kilometrdən , 0,4 kV-lik xətlərin isə 3,1 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, istehlakçıların elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən TM-lərdə də təmir işləri aparılmış və yükə uyğun transformatorlar əvəz olunmuşdur. Eyni zamanda həmin bu dövrdə müxtəlif gücdə 25 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

“İstehlakçılara xidmətin  səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi  üçün kollektivimiz öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir”, – deyən mənbə onu da bildirdi ki, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində 106,5 milyon kilovatsaata yaxın,  o cümlədən daimi əhali qrupu tərəfindən isə 35,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir.

Sonda onu da qeyd edək ki, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 385-dən artıq fakt aşkar edilərək müvafiq qaydada aktlar  tərtib edilmişdir. Nəticədə 1 milyon 618,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 97 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin məbləğin 46 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş, qalıq hissənin ödənilməsi üçün tədbirlər görülür.