DAYANIQLIĞIN YÜKSƏLDİLMƏSİ VACİBDİR
“Füzuli Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planının icrasına hələ yaz aylarından başlayıb. Ötən müddət ərzində görülmüş işlər istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təchizatını təmin etməyə imkan yaradır.
Şəbəkə ümumilikdə 17000-dən cox istehlakçıya xidmət göstərir. Bundan təxminən 15,8 minə yaxını məişət abonenti (əhali) istehlakçı qrupuna (bunların hamısı qaçqın və məcburi köçkündür) aiddir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkə üzrə mövsümə hazırlıq tədbirləri çərçivəsində xeyli iş görülüb. Zərurət yaranan ərazilərdə transformatorlar dəyişdirilib və müxtəlif gücdə 23 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, ötən ilin son üş ayı ərzində elektrik verilişi xətlərində naqillərin təzələnməsi də görülən işlər sırasındadır. 6 kilovoltluq “Hospital”, “Nasos”, 10 kV-lik “Alxanlı”, “Haramı”, “Mahmudlu”, “Qazaxlar” və digər hava xətlərində aparılan təmir işləri zamanı ümumilikdə 3,1 kilometrə yaxın naqil istifadə olunmuşdur. Həmçinin sözügedən müddətdə balans mənsubiyyətinə aid olan Böyük Bəhmənli, Əhmədbəyli, Babı, Kərimbəyli və digər kənlərin 0,4 kV-lik hava xəttində də əhəmiyyətli işlər aparılıb.
Mənbədən onu da bildirdilər ki, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 161,7 milyon kilovatsaata yaxın, o cümlədən əhali tərəfindən isə (qaçqın və məcburi köçkünlər) 113,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin noyabr ayında isə bu göstəricilər müvafiq olaraq 15 milyon kilovatsaata yaxın və 11,6 milyon kilovatsaatdan artıq olmuşdur.
Onu da qeyd edək ki, digər şəbəkələrdə olduğu kimi, burada da elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Lakin belə halların aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür. Ötən ilin noyabr ayı ərzində 23 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 83,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 36 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Yeri gəlmişkən, sözügedən müəssisənin xidməti ərazisində ötən ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 100 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 1 milyon 139,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 68,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 76 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.