TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR
“Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Şəki” elektrik stansiyasıdır. Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.”
Bu barədə sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir və qeyd edilir ki, 2012-ci il ərzində burada 308,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən ötən ilin dekabr ayında isə enerji obyektində 31,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ilin 6 ayında, o cümlədən iyun ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbaxş nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata uyğun növbəti istismar həddinə uyğun (8 və 9 saylı aqreqatlarda) texniki qulluq işləri həyata keçirilmişdir. Yeri gəlmişkən, cari ildə digər aqreqatlarda da əsaslı texniki xidmət işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Onu da qeyd edək ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır.
Sonda onu da qeyd edək ki, işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Müəssisənin işçi personolı tərəfindən iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmişdir. Məhz onun nətiəsidir ki, bu günə kimi istehsalatla bağlı heç bir xoşagəlməz hal qeydə alınmamışdır.
Xatırladaq ki, 10 aqreqatdan ibarət olan bu elektrik stansiyasının ümumi gücü 87 MVt-dır.