ELEQAZ AÇARLARI QURAŞDIRILIR
“Gəncə regional elektrik şəbəkəsi”nin (REŞ) balans mənsubiyyətinə aid olan xətt və avadanlıqlarda ilboyu səmərəli işlər həyata keçirilmişdir. Bu mənada, bu il də istisna deyil. 110/35/6 kilovoltluq «Gəncə-1» yarımstansiyasında 2012-ci il ərzində xeyli sayda eleqaz açarları quraşdırılıb.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kilovoltluq 3 saylı 31,5 MVA transformatorda 110 kV-lik eleqaz açarın da quraşdırılması işi davam edir. Bununla yanaşı, 110 kV-lik «Gəncə» 3, 5, 6 və 7 saylı hava xətlərinin, «Melxior» 1 və 2 saylı hava xəttinin, «Daşkəsən» 1 və 2 saylı hava xəttinin komplekt eleqaz açarları quraşdırılaraq istismara verilib.
Qeyd edək ki, təmirçilər briqadası görülən işlərlə kifayətlənməyərək xətt və avadanlıqların dayanıqlığının saz vəziyyətdə olmasını, qışa hazırlığın keyfiyyətini yüksəltmək məqsədilə 110/35/6 kV-lik “Gəncə-1” yarımstansiyasında noyabr ayında digər tədbirləri də həyata keçirib. Onların qüvvəsi ilə 1 nömrəli 20 MVA, 2 və 3 nömrəli 31,5 MVA gücündə olan transformatorların cari təmiri aparılıb və sınaqdan keçirilib.
Gəncəli energetiklər 35/6 kilovoltluq açıq paylayıcı quruluşda kabel kanallarının, habelə kontur torpaqlanmasının bərpasını da həyata keçiriblər. 110 kV-lik I-II sistem şininin gərginlik transformatorunun cari təmiri də başa çatıb, transformatora yağ əlavə edilib və sınaqdan çıxarılıb. III “Gəncə” hava xəttinin yağ açarı da eleqaz açarı ilə əvəz olunub və sxemə daxil edilib.
Yüksək gərginlikli xətt və avadanlıq ustaları «Gəncə REŞ» MMC-nin xidməti ərazilərində qış mövsümünü qəzasız və qüsursuz başa vurmaq üçün uğurlu fəaliyyətlərini davam etdirirlər.