TƏMİR İŞLƏRİ APARILMIŞDIR
“Azərenerji”nin bütün strukturlarında olduğu kimi, “Siyəzən Elektrik Şəbəkəsi”ndə də istehlakçıların elektrik enerji təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ilin son ayları ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan Eynibulaq, Daşlı Calğan, B. Həmyə və s. kəndlərində olan ümumi gücü 1,5 MVA-ya yaxın olan 6 komplekt transformator məntəqəsində (KTM) müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda Məşrif kəndində bir KTM əsaslı təmir olunmuşdur.
Mənbəyə istinadən qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava EVX-lərin (HEVX) ümumilikdə 33 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılmış , 17 ədəd dayaq yenisi ilə əvəz edilmiş, 50-dən artıq dayaq düzləndirilmişdir. Həmçinin eyni gərginlikli xətlərin ümumilikdə 12,7 km-ə yaxın hissəsi dəyişdirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 310-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 683,2 min kilovatsaatdan artıq (bunun 524,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 41 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, 2012-ci ilin noyabr ayında keçirilmiş reydlər zamanı 60 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş və 99,3 min kilovatsaata yaxın (bunun 85,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Yeri gəlmişkən, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 87 milyon kilovatsaata yaxın, o cümlədən daimi əhali istehlakçılar qrupunda isə 28,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2012-ci ilin noyabr ayında isə bu göstəricilər müvafiq olaraq 8,4 milyon kilovatsaata yaxın və 3,3 milyon kilovatsaatdan artıq olmuşdur.