TƏMİR İŞLƏRİ GÖRÜLÜR
“Gədəbəy Elektrik Şəbəkəsi” (EŞ) üzrə istehlak edilmiş elektrik enerjisin dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində balans mənsubiyyətinə aid olan 6, 10 və 0,4 kV-lik xətlərin 2,4 kilometrdən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Paralel olaraq TM-lərdə aparılan təmir işləri zamanı 28 TM təmir olunmuş və ümumi gücü 4,7 MVA-dan artıq olan 23 transformator isə təmir edilərək şəbəkəyə qoşulmuşdur.
Yeri gəlmişkən, burada da şəbəkələrdə yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir.
Belə ki, müəssisənin xidməti ərazisində ümumilikdə ötən ilin 11 ayı ərzində 34,2 milyon kilovatsaata yaxın, o cümlədən daimi əhali istehlakçıları tərəfindən isə 26,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Qeyd edək ki, 2012-ci ilin noyabr ayında isə bu göstəricilər müvafiq olaraq 3,3 milyon kilovatsaata yaxın və 2,5 milyon kilovatsaatdan artıq olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir. Belə ki, ötən ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 5 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 60 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 83 faidən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2012-ci ilin 11 ayı ərzində isə burada 109 qayda pozuntusu faktı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 972,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 58,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 89 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.