YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Image

Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına  gətirib çıxarır. Həmişə olduğu kimi ötən ildə də müəssisənin xidməti ərazilərində təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilmiş və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verməkdədir. Bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir.

“Daşkəsən” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin 11 ayı ərzində müəssisə üzrə 28,4 milyon kilovatsaata, o cümlədən noyabr ayında isə 2,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Daimi əhali qrupu üzrə isə bu göstəricilər müvafiq olaraq 9,4 milyon kilovatsaata yaxın və 1 milyon kilovatsaatdan çox olmuşdur. Mənbədən onu da bildirdilər ki, ötən ilin son ayları ərzində müəssisənin balans mənsibiyyətinə aid olan 6-10-0,4 kV-lik xətlərin 6,1 km-ə yaxın hissəsində təmir işləri həyata keçirilmiş, 5,6 km-dən artıq xətt isə yenidən qurulmuşdur. Eyni zamanda 1,2 km-ə yaxın kabell xətti çəkilmişdir.

Qeyd edək ki, yenidənqurma işləri TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə bir KTM və gücü 1000 KVA olan bir transformator quraşdırılmışdır. Bütün bunlarla yanaşı ümumi gücü 13,2 MVA-ya yaxın olan 38 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Yeri gəlmişkən, bu işlərlə paralel olaraq elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilmişdir. Belə ki, ötən ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 18 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 140,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 8,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən ilin 11 ayı ərzində burada 130 qayda pozuntusu faktı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar qanuna müvafiq araşdırılmış və hesabat aparılaraq 429,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 25,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.