LAYİHƏLƏR UĞURLA İCRA EDİLİR
Artıq tarixə çevrilmiş 2012-ci ildə enerjisistem üzrə həyata keçirilən layıhələrdən yekunlaşanı da var, icrası davam etməkdə olanı da.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə SC-in Enerjinin İstehsalı İdarəsindən daxil olan məlumata görə, yeni generasiya güclərinin yaradılması və mövcud olanların gücünün artırılması istiqamətində tədbirlər davam etdirilir. Ötən il ərzində ən mühüm tədbirlərdən biri 2011-ci il sentyabr ayının 21-də təməli qoyulmuş «Şimal» Elektrik Stansiyasında 409 meqavat gücündə ikinci buxar-qaz qurğusunun tikintisi - “Şimal-2” layihəsinin icrasının daha da sürətləndirilməsi olmuşdur. Bu layihənin reallaşdırılması ilə Bakı şəhəri, bakıətrafı kəndlər, Abşeron yarımadası, ümumilikdə isə enerjisistemin dayanıqlığı daha da artırılmış olacaq. Artıq stansiyanın ərazisində özül işləri tamamlanmaq üzrədir. Dənizdən soyuducu suyun cəlb olunması məqsədilə inşa edilən kanalın tikintisi də aparılır. Stansiyada istismarı nəzərdə tutulan bütün zəruri avadanlıqlar əraziyə gətirilib.
Mühüm əhəmiyyəti ilə seçilən hadisələrdən biri də Füzuli rayonunun vaxtilə işğal altında olmuş ərazisində ötən il dekabrın 15-də 25 meqavat gücündə “Füzuli” Su Elektrik Stansiyasının istismara buraxılması olmuşdur. Bu stansiya rayonun enerjiyə olan tələbatının müəyyən bir hissəsini təmin edəcək.
Dekabrın 20-də isə respublikamızın şimal bölgəsində - Qusar rayonu ərazisində “Urva-1” kiçik su elektrik stansiyasının açılışı olub. 1 meqavat gücündə olan bu stansiyada istehsal olunan enerji sistemə ötürülməklə yaxınlıqda yerləşən bir sıra yaşayış məntəqələrinin enerji təchizatının yaxşılaşdırılmasına köməklik göstərəcək.
Son illər inşa olunmuş güc mərkəzləri arasında nəhəngliyi ilə seçilən, gücü 780 meqavat olan “Cənub” Elektrik Stansiyasında isə tikinti işləri yekunlaşmaqdadır. Hazırda işlər sınaq-sazlama mərhələsindədir. Yaxın zamanlarda stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bu stansiyanın işə buraxılması ümumi enerjisistem üzrə mövcud potensialın daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.
Su elektrik stansiyalarının potensialının yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər reallaşdırılır. Bu işlər əsasən respublikamızın qərb bölgəsində yerləşən 400 meqavat gücündə “Mingəçevir” və 16,5 meqavatlıq “Varvara” su elektrik stansiyalarında aparılır. Məqsəd bu nur mənbələrinin layihə gücünə çatdırılması və istismar müddətlərinin artırılmasıdır.