MÜASIR SAYĞACLAR ÖZ SƏMƏRƏSİNİ VERİR

Image

“Şirvan Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisi  res­publikanın cənub bölgəsini, Mərkəzi Aran bölgəsinin isə  bir hissəsini əhatə edir.  Ümumilikdə REŞ 11 rayona xidmət göstərir.

Regional müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, elektrik şəbəkələrinin istismar səviy­yəsinin daha da yaxşılaşdırılması məqsədilə son vaxtlar xeyli iş  görülüb. Xətlərdə vaxtaşırı təmir-bərpa işləri aparılır. Ümumilikdə isə 0,4 kilovoltluq şəbəkələr üzrə görüləsi işlər xeyli çoxdur və onlar böyük investisiyalar tələb edir. Prosesin geniş şəkildə reallaşdırılmasına gələn ildən start verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, son illər REŞ-in xidməti ərazisində olan şəbəkələrdə yenidənqurma istiqamətində də xeyli iş görülüb. Təxminən 55 min abonentə texnologiyanın ən son nailiyyətlərindən olan, əvvəlcədən ödənişli smart-kart tipli sayğacların quraşdırılması həyata keçirilib. Paralel olaraq həmin ərazilərdəki 0,4 kilovoltluq şəbəkələr müdaxilə imkanları minimum səviyyədə olan SİP kabellərlə təmin edilib. Bu da öz növbəsində həm istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsinə, həm də elektrik enerjisi itkisinin azalmasına müsbət təsirini göstərir. Bu işlər, əsasən, şəhər və rayon mərkəzlərində, o cümlədən enerji sərfiyyatının daha çox müşahidə olunduğu kənd və qəsəbələrdə həyata keçirilir.

Onu da qeyd edək ki, transformatorların təmiri prosesi daha da sürətlənib. Əsas məqsəd qış aylarında texniki nasazlıqlar səbəbindən istehlakçıların işıqsız qalmasına yol verməməkdir. Bu məqsədlə ehtiyat transformator bazasının yaradılmasına da çalışılır. Paralel olaraq şəbəkələrdə bu halların baş verməməsi üçün tədbirlər planı hazırlanıb. Bunun da mahiyyəti hansı güc mərkəzlərinin dəyişdirilməsi, yeni transformatorun qo­yulması, az yüklənən transformatorların sistemdən çıxarılması, yüklərin bir transformator üzərindən digərlərinə paylamaq yolu ilə  avadanlıqların maksimum səviy­yədə qorunması və abonentlərin dayanıqlı enerji ilə təmin olunmasından ibarətdir. Bu istiqamətdə də xeyli iş görülüb. Güc mərkəzlərinin yenidən baxılıb seçilməsi, əlavə xətlərin çəkilməsi də tədbirlər planının tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər mütəmadi xarakter daşıyır.