İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİR

Image

“Şəki Elektrik Şəbəkəsi”ndə istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu barədə müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilmiş və qeyd edilmişdir ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində vəziyyət qənaətbəxşdir və hazırda rayon sutka ərzində keyfiyyətli və dayanıqlı enerji ilə təmin edilir.

Elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olmasının rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işlərilə bağlı olduğunu bildirən mənbə qeyd etdi ki, elektrik enerji təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib. Müəssisənin  xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən bu ilin son üç ayı ərzində 6 kV-lik II, VI “Şəhər”, 10 kV-lik “Aydınbulaq”, “Qoxmuq”, “K.Dəhnə” və digər HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin 6,4 km-dən artıq hissəsi də təmir olunmuşdur. Paralel olaraq analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdə də aparılmışdır. Sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən 16 TM-də də əsaslı və cari təmir işləri aparılmışdır.

Onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə 115,2 milyon kilovatsaatdan artıq (bunun 62,5 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib), o cümlədən cari ilin noyabr ayında isə 11,6 milyon kilovatsaata yaxın (bunun 7 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin ilk 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 545-dən artıq istehlakçının "Elektrik enerjisindən istifadə Qaydaları"nı pozması faktı aşkarlanmışdır. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 2 milyon 73,2 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 124,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin məbləğin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin noyabr ayında aşkar edilmiş 36 qayda pozuntusuna görə, 213,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,8 min manata yaxın istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan akta görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin olunmuşdur.