ZƏRURİ İŞLƏR GÖRÜLÜR

Image

“Kürdəmir Elektrik Şəbəkəsi”ndə avadanlıqların texniki istismar səviyyəsinin daha da yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılır, zəruri işlər görülür. Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, 110/10 kilovoltluq “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib. Buradakı yağ açarları eleqaz açarları ilə əvəz olunub.

Şəbəkədə bütün mühafizə sistemləri yeniləri ilə dəyişdirilib, 35/10 kilovoltluq “Mollakənd”, “Pirili” və “Axtaçı” yarımstansiyalarında da yağ açarlarının tamamilə yeni, müasir tələblərə cavab verən açarlarla əvəzlənməsi prosesi reallaşdırılıb.

Qeyd edək ki, 10 kilovoltluq elektrik verilişi xətlərinin yeniləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Zərurət yaranan yerlərdə həm dayaqlar, həm də naqillər dəyişdirilir.  0,4 kilovoltluq xətlərdə də lazımi tədbirlər görülür. Transfor­mator məntəqələrinin saz vəziyyətə gətirilməsi ilə yanaşı, onların qapalı tipli quruluşlara keçirilməsinə başlanıb. Bir sıra kəndlərdə - Pirili, Ərəb­qubalı və Axtaçıda daxili imkanlar hesabına 15 kilometrə yaxın SİP kabel çəkilib.

Mənbə onu da bildirdi ki, rayon üzrə, hava şəraitindən asılı olaraq, orta hesabla 10-15 milyon kilovat-saat həcmində elektrik enerjisi alınaraq istehlakçılara ötürülür. Əvvəlki illərlə müqayisədə istehlak olunan elektrik enerjisinin həcmi nəzərəçarpacaq dərəcədə azalmaqdadır. Bu da, şübhəsiz ki, xidməti ərazi üzrə görülmüş yenidənqurma ilə yanaşı sayğaclaşmanın əsasən başa çatdırılması sayəsində mümkün­ləşib. Yalnız cari il ərzində təxminən 2 min ədəd yeni say­ğacın quraşdırılmasına nail olunub. Bundan başqa, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının daha çox müşahidə olunduğu yerlərdə SİP kabellərin çəkilməsi də ümumi işə müsbət təsirini göstərib.

Yeri gəlmişkən, havaların soyuması ilə əlaqədar enerjiyə tələbatın artması nəzərə alınaraq, reydlərin keçirilməsində də intensivlik artırılıb. Ərəbqubalı, Pirili, Murad­xan, Axtaçı kəndlərində elektrik enerjisindən istifadə qaydalarının pozulması halları daha çoxdur.