BÜTÜN TƏDBİRLƏR VAXTINDA HƏYATA KEÇİRİLİR
“Astara Elektrik Stansiyası” bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiya fəaliyyətə başladığı vaxtdan aylar və illər üzrə elekrtik enerjisinin istehsalı və digər texniki-iqtisadi göstəricilər həmişə yüksək olub. Bu ilin nəticələri də ürəkaçandır. Belə ki, cari ilin 11 ayı ərzində stansiyada 266,9 milyon kVt-saat enerji istehsal olunub. Noyabr ayında da uğurlu nəticələr əldə edilib. Belə ki, ötən ay stansiyada 18,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Stansiyada 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq tədbirləri haqqında əmrə uyğun olaraq nəzərdə tutulmuş bütün işlər əsasən yerinə yetirilib. Tərtib edilmiş tədbirlər planına uyğun olaraq, cari ilin son 4 ayı ərzində 7 aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq başa çatıb. Bundan əlavə, son üç ayda 25 MVA-lıq 4 və 5 saylı transformatorların, 2 saylı xüsusi sərfiyyat transformatorun və 1, 2 və 9 saylı aqreqatların eleqaz açarları cari təmir edilib. Payız-qış mövsümündə stansiyanın dayanıqlı işləməsini təmin etmək məqsədilə tələb olunan sürtgü yağlarının və kimyəsi reagentlərin ehtiyatı yaradılıb.
Sonda onu da qeyd edək ki, müəssisənin əmək kollektivi ətraf mühitin qorunmasına, ərazinin abadlaşdırılmasına xüsusi diqqət verir. Ötən müddət ərzində stansiyanın həyətində səkkiz mindən artıq bəzək və meyvə ağacları əkilib, bununla da ətraf ərazilər sanki gülüstana çevrilib. Əvvəllər əkilmiş xurma, alma, muşmula, kinkan və limon ağaclarından məhsul yığılıb.