İSTİSMARIN KEYFİYYƏTİ YÜKSƏLDİLİR
Zərdab rayonu elektrik enerjisi ilə əsasən 110 kilovoltluq “Ucar” yarımstansiyasından çıxan iki xətt vasitəsilə qidalanır. Bunlar 35 kV-lik “Ucar-Seyidlər” və “Ucar-Zərdab” hava xətləridir. Şəbəkənin balansında isə 4 ədəd 35/10 kilovoltluq yarımstansiya mövcuddur. Əlavə olaraq iki ədəd 35/0,4 kV-lik yarımstansiya var ki, onlardan biri “Nasos”, digəri “Dəyirman” elektrik verilişi xətlərinə xidmət edir.
Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ümumilikdə xidməti ərazi üzrə tələbatçıların fasiləsiz elektrik enerjisi ilə təchizatı normal şəkildə təmin olunur. Bununla belə, hazırda bir sıra xətlərin təmirinə ehtiyac var. İlk növbədə bu tədbirlərin “Ucar-Zərdab” hava xəttində həyata keçirilməsi zəruridir.
Qeyd edək ki, şəbəkə üzrə ardıcıl olaraq aparılan cari və əsaslı təmir işləri ümumilikdə istismarın keyfiyyətinə təsirini göstərir. Ərazidə aparılan təmir işləri zamanı yaranan açılmalar istisna olmaqla, şəbəkə fasiləsiz elektrik enerjisi ilə təchiz olunur.
Yeri gəlmişkən, 35/10 kilovoltluq yarımstansiyaların hamısında cari təmir işləri aparılıb, oradakı transformatorların yağı dəyişdirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin bütünlüklə yenidən qurulması da prioritet istiqamətlərdəndir. Əvvəlcə rayon mərkəzi və ona bitişik qəsəbə və kəndlər üzrə 10, 6 və 0,4 kilovoltluq şəbəkənin tamamilə yenidən qurulması üçün tədbirlər planı hazırlanıb. Əsas məqsəd ilk mərhələdə 0,4 kV-lik açıq naqillərin bütünlüklə SİP kabellərə keçirilməsi və əvvəlcədən ödənişli smart-kart tipli sayğacların quraşdırılmasından ibarətdir.