MÖVSÜMİ TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” elektrik stansiyasının (ES) kollektivi cari ilin 11 ayını da uğurlu istehsalat göstəriciləri ilə başa vurmuşlar.  Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin noyabr ayında 130,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə 1 milyard 773,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

“Digər enerji müəssisələrində olduğu kimi, burada da 2012/2013-cü illərin payız-qış mövsümünü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, qəbuledici soyuducu dəniz su kanallarının donmasının qarşısını almaq məqsədilə yeni resirkulyasiya xətti və nasosxanası layihələndirilib və bu sahədə işlər başa çatmaqdadır.

Burada yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. 110 kV-lik açıq paylayıcı quruluşda 60 metr uzunluğunda yanğın su kəməri xətti dəyişdirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində  möhtərəm Prezidentimiz İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.

Sonda onu da qeyd edək ki, ikinci enerji blokunun inşası ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri, yarımstansiyaların tikinti işləri də aparılacaq. Nəticədə Abşeron yarımadasının, bütövlükdə enerji sisteminin elektrik enerjisi ilə təminatının dayanıqlığı daha da möhkəmləndiriləcəkdir..