ZƏRURİ TƏDBİRLƏR İCRA OLUNUR
İlin əvvəlindən bəri bəzi qəza açılmaları və təmir işləri istisna olmaqla elektrik enerjisindən istifadə zamanı fasiləyə yol verilməyib. Müəyyən yerlərdə, məsələn 610 abonentdən ibarət Qaradonlu kəndində açıq naqillərin həyətlərdən keçməsi səbəbindən məftillər ağaclara dəyir və texniki itkilərlə yanaşı, həm də insanlar üçün təhlükə mənbəyinə çevrilirdi. Artıq əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb. Mənzərə tamamilə dəyişib. Bütün naqillər kabellərlə əvəz olunub.
“İmişli Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, kabelləşmə texniki itkilərin və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsirini göstərib. Təxminən 310 abonentin olduğu Boşçalar kəndində də analoji tədbirlər həyata keçirilib. Hazırda 1000-ə yaxın abonentin məskunlaşdığı Sərxanlı kəndində də şəbəkənin normal vəziyyətə gətirilməsi istiqamətində zəruri tədbirlər icra olunur. Həmçinin Qaralar kəndində yeni inşa olunmuş 60-a yaxın evin enerji təchizatını təmin etmək üçün 10 kilovoltluq xətt çəkilir. Ondan başqa, yaxın günlərdə həmin əraziyə yeni transformator quraşdırılacaq. O da ətraf ərazilərdə yaşayan tələbatçıların aldıqları enerjinin daha keyfiyyətli və dayanıqlı olmasına təsirini göstərəcək.
Bütün bunlarla yanaşı payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qrafik əsasında digər kəndlərdə də zəruru işlər görülür.
Qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı mübarizə aparılması şəbəkə kollektivinin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bunun üçün açıq naqillərin kabellə əvəzlənməsi, kabel çəkilən yerlərdə itkilərin aşağı düşməsi nəzərə alınaraq transformatorlar yükə uyğun yenisi ilə dəyişdirilir. Həmçinin “İmişli Regional Elektrik Şəbəkəsi” işçilərinin iştirakı ilə axşam reydləri aparılır ki, bu da müsbət nəticələrlə səciyyələnir.