GƏNCƏ REŞ DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR
“Gəncə Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) avadanlıqların daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarda cari ilin son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilmiş və qeyd edilmişdir ki, adları çəkilən şəhər və rayonlarda istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə 35 kV-lik və ondan yüxarı gərginlikli elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda hesabat dövründə müxtəlif təyinatlı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Belə ki, 330 kV-lik “Gəncə” yarımstansiyasında 2 saylı 125 MVA avtotransformator 250 MVA ilə əvəz edilməklə gücü artırılmışdır. Eyni zamanda həmin bu dövrdə 500 kV-lik “Samuz” yarımstansiyasında eyni gərginlikli IV bölmənin avadanlıqları, 330 kV-lik “Şəmkir”, I və II “Alminium” HX-lərinin eleqaz açarları və digər avadanlıqları da təmir olunmuşdur. Analoji təmir işləri 110 kV-lik “Dəlilər Dartma”, “Gəncə-1” yarımstansiyalarında da həyata keçirilmişdir.
Qeyd edək ki, 110 kV-lik “Muğanlı”, “Maşınqayırma”, “Melxior”, 35 kV-lik “Günəşli”, “Yanıqlı”, və digər yarımstansiyalarda müxtəlif gücdə olan transformatorlar təmir edilərək saz vəziyyətə gətirilmişdir. Paralel olaraq 110 kV-lik “Tovuz”, “Günəşli”, “Ağstafa”, 35 kV-lik “Gədəbəy”, “Şiştəpə”, “Düz Rəsullu” və digər yarımstansiyalarda aparılan təmir işlərinə transformatorla yanaşı, onların giriş yağ açarlarının və bəzi xətlərin yağ açarlarının təmiri də daxildir. Ümumiyyətlə, digər yarımstansiyalarda da müxtəlif güclü transformatorlar təmir edilərək normal iş rejiminə gətirilmişdir.
Mənbədən 110-35 kV-lik HEVX-də aparılmış təmir işləri ilə bağlı əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, sözügedən dövrdə bir ədəd dayaq metal dayaqla əvəzlənmiş, xətlərin müəyyən hissəsi yenilənmişdir. O cümlədən, ümumilikdə 1880-a yaxın izolyator yenisi ilə əvəz edilmişdir.
Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir.