SMART-KARTIN TƏTBİQİ SƏMƏRƏ VERİR

Image

Rayonu elektrik enerjisi ilə təchiz edən 35/10 kilovoltluq “Saatlı” yarımstansiyasında 2 ədəd 10 MVA-lıq transformator əsaslı təmir olunaraq istismara verilib. Bu da həmin mənbədən qidalanan tələbatçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalarına təsirini göstərib. Paralel olaraq digər kənd və qəsəbələrdə də əsaslı və cari təmir işləri reallaşdırılıb. Payız-qış mövsümünə hazırlıqla bağlı 80-ə yaxın transformator təmir edilib.

“Saatlı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatd bildirilir ki, dayaqların, naqillərin daha keyfiyyətliləri ilə əvəz olunması, bəzi kəndlərə SİP kabellərin çəkilməsi də görülən işlər sırasındadır.

Rayon mərkəzinin və rayona yaxın ərazidə yerləşən 4 kəndin 10 və 0,4 kilovoltluq şəbəkələrinin yenidən qurulması - SİP kabellərin çəkilməsi və əvvəlcədən ödənişli smart-kart tipli sayğacların quraşdırılması da müəssisənin iqtisadi göstəricilərinə müsbət təsir göstərmişdir. Həmin ərazilər üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin tam ödənilməsi təmin olunur.

Qeyd edək ki, aşağı  gərginlikli şəbəkələrin yenidən qurulması məsələsi, digər müəssisələr kimi, bu müəssisədə də prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2013-cü ildə görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanıb. Eyni zamanda, artıq həmin işlərin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Yeni yaşayış məntəqələrində dayaqların basdırılması ilə xətlərin çəkilməsi, itkilərin azaldılması üçün transformatorların mərkəzi nöqtəyə gətirilməsi, simmetrik paylanmanın təmin edilməsi və sair işlər bu qəbildəndir.

Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə keçirilən reydlər zamanı cari ilin əvvəlindən şəbəkə üzrə təxminən 440 akt tərtib olunub ki, nəticədə istehlak dəyəri bərpa edilmiş elektrik enerjisinin  həcmi təxminən 1,8 milyon kilovatsaat təşkil edib. Bunun da dəyərinin ödənişinin tam təmin olunması istiqamətində lazımi tədbirlər görülür.