“ŞƏMKIR SESS”: SU ANBARINA DAXİL OLAN SUYUN AZALMASI ELEKTRİK ENERJİSİNİN İSTEHSALINI AŞAĞI SALMIŞDIR

Image

Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ümumiyyətlə, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir.  Bu baxımdan sözügedən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilir. Belə obyektlərdən biri də qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi”dir.

“Azərenerji”  ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, burada cari ilin 11 ayı ərzində 858,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Bundan 597,9 milon kilovatsaatı «Şəmkir» SES-in, 260,2 milyon kilovatsaatı isə  «Yenikənd» SES-in payına düşür. O cümlədən, cari ilin noyabr ayında müəssisə üzrə 49,6 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 34,1 milyon kilovatsaatı «Şəmkir» SES-in, 15,5 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində burada 1 milyard 271,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Bundan 908,5 milon kilovatsaatı «Şəmkir» SES-in, 362,6 milyon kilovatsaatı isə  «Yenikənd» SES-in payına düşür. O cümlədən, ötən ilin noyabr ayında müəssisə üzrə 69,7 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 48,7 milyon kilovatsaatı «Şəmkir» SES-in, 21 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür.

Onu da qeyd etmək yerinə düşərdi ki, adıçəkilən obyektdə hidroaqreqatların günün tələblərinə cavab verə biləcək səviyyədə olmasına baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji istehsalı nəzərəçarpacaq dərəcədə azalmışdır. Buna səbəb cari ilin 11 ayı ərzində “Şəmkir” su elektrik stansiyasının su anbarına daxil olan suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faizə yaxın az olmasıdır ki, nətisədə enerji istehsalı 11 ay ərzində 413 milyon kilovatsaat, o cümlədən noyabr ayında isə 20,1 milyon kilovatsaat azalmışdır.

Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində «Şəmkir» SES-də hər birinin gücü 190 MVt olan iki hidroaqreqatda cari təmir işləri həyata keçirilmişdir. Bununla yanaşı, SES-də olan digər avadanlıq  və qurğular da profilaktik yoxlamalardan keçirilmiş, hazırda normal vəziyyətdədirlər.

“Yenikənd” SES-də isə sozügedən dövrdə hər birinin gücü 37,5 MVt olan dörd hidoaqreqatda cari təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunurlar. Bütün avadanlıqlar diqqətdə saxlanılır. Təmir bərpa işləri illik Plan-Qrafik üzrə davam etdirilir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.  Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.