SUMQAYIT EŞ: KOLLEKTİV MÖVSÜMƏ HAZIRDIR

Image

Tərtib olunmuş qrafikə uyğun olaraq cari il üçün nəzərdə tutulan bütün işlər yüksək səviyyədə icra olunur. Transformator və komplekt transformator məntəqələri (TM və KTM), ötürücü və paylayıcı xətlər üzrə nəzərdə tutulan işlər əsasən yekunlaşıb. Nəticə etibarı ilə payız-qış mövsümünə hazırlıq tədbirləri yekunlaşır.

“Sumqayıt Elektrik Şəbəkəsinn “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, hazırda Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən 110/35/6 kV-lik yarımstansiyadan şəhərin mərkəzinə 3 ədəd yeni 6 kV-lik kabel xətlərinin çəkilişi aparılır.

Mənbənin bildirdiyinə görə, təmir qrafikinə uyğun olaraq cari ilin son üç ayı ərzində 50-ə yaxın 10, 6 və 0,4 kV-lik kabel xətlərində təmir işləri aparılaraq 80-dən çox birləşdirici mufta istifadə edilmişdir. Eyni zamanda 4,4 km-dən artıq 10 və 6 kV-lik kabel və hava xətləri çəkilmiş, 26 dayaq quraşdırılmışdır. Bütün bunlarla yanaşı 0,4 kV-lik şəbəkələrin yenidənqurulması işləri ilə bağlı 20,5 km-ə yaxın SİP kabel xətləri də çəkilmişdir.

Qeyd edək ki, yenidənqurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM və KTM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə doqquz TM və KTM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və “Stansiya Sumqayıt” adlanan ərazidə yeni TM istismara verilmişdir. Eyni zamanda gücü 1000 KVA və 250 KVA olan iki yeni transformator quraşdırılmış, bir neçə transformator isə daha güclüsü ilə əvəzlənmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 330-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir ki, bundan 276-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 693,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 41,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. O cümlədən, məişət abonenti (əhali) istehlakçılar qrupunda isə bu göstəricilər müvafiq olaraq 264,7 min kilovatsaata yaxın və 15,8 min manatdan artıq olmuşdur. Hesabat ayında həmin bu məbləğin 15 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 2700-ə yaxın qayda pozuntusu fakt aşkar olunmuşdur ki, bundan 2430-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 7 milyon 384,3 min kilovatsaatdan artıq (bundan 4 milyon 153,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 443,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 67 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.