PAYLAYICI ŞƏBƏKƏLƏRDƏ YENIDƏNQURMA IŞLƏRI DAVAM ETDIRILIR

Image

Son illər ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf davamlı xarakter kəsb edir. O cümlədən infrastruktur layihələrinin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan, elektrik energetikası sahəsində baş verən yeniliklər, bir-birinin ardınca yeni güc mərkəzlərinin - elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətlərinin tikilməsi də müsbət hal kimi xarakterizə olunur.

Bununla belə, əksər yaşayış məntəqələri üzrə aşağı gərginlikli paylayıcı elektrik şəbəkələrin uzun illərdən bəri istismar olunur.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətinin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən daxil olan məlumata görə, paylayıcı xətlərin yenidən qurulması zərurətə çevrilib. Respublika­mızın bir sıra bölgələrində hələ də keçən əsrin 60-70-ci illərindən istismarda olan avadanlıqlardan, elektrik verilişi xətlərindən istifadə  edilir. Son vaxtlar respublikamızın bir sıra şəhər və rayon mərkəzlərində (Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəmkir rayon mərkəzi və s.), o cümlədən çoxlu sayda abonentlərin məskunlaşdıq­ları qəsəbələrdə 10, 6 və 0,4 kilovoltluq şəbəkələr tamamilə yenidən qurulub. Açıq naqillərin əvəzinə daha təhlükəsiz və müasir SİP kabellər çəkilib, əvvəlcədən ödənişli smart-kart tipli say­ğaclar quraşdırılıb. Bu da həmin ərazilər üzrə əvvəlki illərlə müqayisədə texniki itkilərin azalması ilə nəticələnib.

Mənbəyə istinadən qeyd edək ki, ən yaxın perspektiv üçün qarşıda duran vəzifələrdən biri “Xırdalan” və «Bağlar» elektrik şəbəkələrinin xidməti ərazisinə daxil olan 10, 6 və 0,4 kilovoltluq şəbəkələrin yenidən qurulmasıdır. Gələn ilin əvvəlindən start götürməsi nəzərdə tutulan yenidənqurma tədbirləri, Xırdalan şəhəri də daxil olmaqla, Hökməli, Qobu, At yalı, Nübar, Çiçək, Güzdək, Müşfiqabad, Masazır, «28 May» qəsəbəsi və Çaylı yaşayış məntəqələrini əhatə edəcək. Yenikənd və Cəngi qəsəbələrinin elektrik təchizatı isə tamamilə yenidən qurulacaq.

«Bağlar» şəbəkəsi üzrə isə müvafiq tədbirlər Goradil, Mə­həmmədi, Fatmayı, Mehdi­abad, Digah, Novxanı yaşayış və bağ sahələrini əhatə edəcəkdir.

Onu da qeyd edək ki, layihə əsasında Xırdalan şəhərində 110/35/10 kilovoltluq bir və əsas yaşayış sahələrində isə 35/10 kV-lik 14 yarımstansiyanın tikintisi nəzərdə tutulur.

Layihə işlərinin yerinə yetirilməsi zamanı müxtəlif gərginlikli elektrik verilişi xətlərinin tikintisi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu məqsədlə 62 km 35 kV-lik, 250 km 10 kV-lik, 535 km 0,4 kV-lik naqilin  kabellərlə əvəzlənməsi nəzərdə tutulur. Bundan başqa, 679 km məhəllədaxili 0,4 kV-lik məftil quraşdırılacaq. Eyni zamanda, 50 km 10 kV-lik və 70 km 0,4 kV-lik kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Mənbə onu da bildirdi ki, 70 minə yaxın abonentin müasir tələblərə cavab verən sayğaclarla təmin olunması da həyata keçiriləcək tədbirlər sırasındadır. Hazırda layihənin son variantı ilə bağlı bəzi mühüm məsələlər Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnsti­tutunun mütəxəssisləri ilə birlikdə nəzərdən keçirilir.

Sonda onu da qeyd edək ki, həyata keçirilən tədbirlər elektrik enerjisinin ötürücü və paylayıcı şəbəkələrdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, şəbəkələrdə Avropanın ən müasir avadanlıqlarının quraşdırılmasına, nəticədə isə istismar səviyyəsinin xeyli yüksəlməsinə səbəb olacaq.