TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Respublikada fəaliyyət göstərən nəhəng hidroenergetika müəssisələrinin birincisi və ümumi gücü 400 MVt-dan artıq olan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”nin ölkə enerjisi sistemində, o cümlədən pik güclərinin artırılmasında  özünəməxsus rolu vardır.

Müəssisədən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Mingəçevir SES Silsiləsi”ndə cari ilin on ayı ərzində 716 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Hid­ro­energetiklər oktyabr ayında 22,8 milyon kilovat-saatdan çox elektrik enerjisi hasil ediblər.

Silsilədə oktyabr ayından başlayaraq yanğın təhlükəsizliyinə qarşı zəruri tədbirlər görülüb. Son üç ayda silsilədə həyata keçirilən və davam etdirilən yenidənqurma və təmir-tikinti işlərinin vəziyyəti isə belədir:

“Mingəçevir SES”də 110 kV-lik yarımstansiyada tikinti işləri əsasən başa çatdırılıb, avadanlıqlarda sazlama və kabellərin çəkilməsi üzrə işlərə başlanılmaq ərəfəsindədir. 220 kV-lik yarımstansiyada tikinti işləri sürət götürüb, özüllərin 80 faizə qədəri qoyulub. 3 saylı hidroturbində işçi kameranın detalları, işçi çarx, turbinin valı, istiqamətləndirici aparat quraşdırılıb, digər hissələrdə quraşdırma işləri aparılır. Baş idarə şitinin binası üçün kabel kanalı çəkilib, burada tikinti işləri davam edir. 1 saylı hidroturbinin disk bağlayıcısının dəyişdirilməsi üçün tədbirlər görülür.

“Varvara SES”də 1, 2 və 3 nömrəli hidroturbinlərin suboşaltma sistemlərində spiral kameranın klapanları və sorucu borunun suboşaltma siyirtmələri dəyişdirilib, nasosların quraşdırılmasına başlanılıb. 3 saylı hidroturbində tərpənməz hissələrin yoxlama-yığım işləri tamamlanıb, hazırda yekun yığım işləri aparılır. Aşağı məcrada sol sahilbərkitmə işləri başa çatıb, sağ sahilbərkitmə işləri isə davam etdirilir. Suaparan kanalda dağılmış hissələrin bərpası üçün tədbirlər görülür.