ŞƏBƏKƏ QIŞA HAZIRDIR

Image

Tələbatçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qabaqlayıcı tədbirlər payız-qış aylarında da davam etdirilir. Abşeron yarımadasının, o cümlədən paytaxt­ətrafı ərazilərin elektrik enerjisi ilə təminatında mühüm rolu olan “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də belə tədbirlər görülməkdədir. Özündə Bakı və Abşeron şəbəkə sahələrini birləşdirən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, REŞ-in balans mənsubiyyətinə aid olan enerji obyektlərində hələ ilin ilk aylarından icrasına başlanmış tədbirlər ötürücü şəbəkənin dayanıqlığının təmin olunmasına xidmət edir.

Mənbənin bildirdiyinə görə, 500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsasında 330 kV-lik açıq paylayıcı quruluşda (APQ) 3 saylı 400 MVA-lıq avtotransformatorun qoyulması ilə əlaqədar yenidənqurma işləri davam etdirilir. Paralel olaraq 220 kV-lik APQ-də də yenidənqurma işləri aparılır. Eyni zamanda, Bakı şəhərinin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığının  daha da möhkəmləndiril­mə­si məqsədilə 220 kV-lik “Müş­fiq” yarımstansiyasında 3 saylı avtotransformator yerinə qoyulub və hazırda onun avadanlıqlarının quraşdırılması davam etdirilir.

220 kV-lik “Səngəçal” yarımstansiyasında yenidənqurma iş­ləri ilə əlaqədar APQ-də açar, gərginlik və cərəyan transformatorları yenisi ilə əvəzlənib. Eyni gərginlikli “Xırdalan” yarımstansiyasında da təmir işləri həyata keçirilib.

“Binəqədi” yarımstansiyasının gücünün artırılması, buradan qidalanan tələbatçıların daha keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları üçün də məqsəd­yönlü tədbirlər icra olunub. Belə ki, 3 və 4 saylı 40 MVA-lıq transformatorlar 63 MVA-lıqla əvəzlənib. “Zabrat” yarımstansiyasında isə qapalı paylayıcı quruluşun (QPQ) binasının tikintisi başa çatdırılıb və avadanlıqların quraşdırılması işlərinə start verilib.

Qeyd edək ki, həyata keçirilən tədbirlərin siyahısına 220 kV-lik “Hövsan”, 110 kV-lik  “Ramana”, “Zığ”, “8-ci kilometr” və digər yarımstansiyalarda aparılan təmir işləri də daxildir. Nəticə etibarı ilə həmin obyektlərdə də payız-qış möv­sümünə hazırlıqla əlaqədar  qrafik üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib. Konkret olaraq, müvafiq yarımstansiyaların dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə yağ açarlarının dəyişdirilməsi, yaxud bərpa edilməsi, eyni zamanda izolyatorların yeniləri ilə əvəzlənməsi istiqamətində lazımi tədbirlər görülüb. Bundan başqa, sözü­gedən yarımstansiyalarla yanaşı, “Suraxanı”, “205” və “Qala” ya­rımstansiyalarında işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binalarda təmir işləri aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin xidməti ərazisində hazırda 220 kV-lik “Böyükşor” və “Zabrat” yarımstansiyalarının tikintisi davam etdirilir.

Müəssisənin xidməti ərazisi üzrə dayanıqlığın və fasiləsizliyin təmin olunmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə hazırda “Səngəçal” ES-220 kV-lik “Müş­fiq” yarımstansiyası, “Şimal” ES-220 kV-lik  “Hövsan” və “Şimal” ES-220 kV-lik “Zabrat” yarımstansiyaları arasında ikidövrəli hava xətlərinin tikintisi davam etdirilir. Paralel olaraq, 220 kV-lik “Ağsu” və “Qəbələ” hava xətləri də yenidən qurulur.

Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıq­ların ətrafı çirkli yağ örtüyündən təmizlənib. Eyni zamanda, mü­hafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edildikdən sonra aşkarlanan qüsurlar aradan qaldırılıb. Eləcə də bütün yarımstansiyalar ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, yeni istismara verilən bütün transformatorlara avtomatik yanğınsöndürmə qurğusu qu­raşdırılıb.