TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Ölkə elektrik enerjisi sisteminin flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (İES) blokların yenidənqurulması işlərinin nəticəsi olaraq texniki iqtisadi göstəricilər qənaətbəxşdir. Hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Azərbaycan” İES-in kollektivi cari ilin 10 ayını da yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə yola salıblar. O cümlədən, avqust ayının göstəriciləri də qənaətbəxşdir. Belə ki, cari ilin 10 ayı ərzində burada 6 milyard 567,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin oktyabr ayında isə stansiyada 636,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, həyata keçirilən müxtəlif profilaktik tədbirlər nəticəsində avadanlıqların istismar səviyyəsi daha da yüksəlmişdir ki, bu da elektrik stansiyasının digər texniki iqtisadi göstəricilərində də irəliləyişlərin əldə olunmasına imkan vermişdir.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, “Azərbaycan” İES-də də stansiyanın mövcud vəziyyətə uyğun normal fəaliyyətini davam etdirməsi üçün, o cümlədən stansiyanın qış mövsümünə hazırlığı, avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilib. Belə ki, cari ili son üç ayı ərzində bir enerji blokunda əsaslı, üç enerji blokunda orta, digər enerji bloklarının hər birində isə cari təmir işləri aparılmışdır. 330 kV-lik yarımstansiyada isə 7 ədəd hava açarı müasir tipli vakuum açarla əvəz edilmiş və üç kompressor qurğusu əsaslı təmir olunmuşdur. Bütün bunlarla yanaşı 2 saylı tunelin tikintisi ilə bağlı olaraq qidalandırıcı suötürücü kanalın sağ yamacında betonlama, dib hissəsində torpaq işləri aparılmış, stansiyaya gələn ehtiyat qaz xəttinin isə müəyyən hissəsinin yeri dəyişdirilərək qaz xətti istismara verilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 330 kV-lik yarımstansiyada hava açarlarının eleqaz açarlarla əvəz edilməsi, köməkçi istehsal sahələrində avadanlıq, bina və qurğularda təmir-proflaktika və 2 saylı tuneldə tikinti işləri davam etdirilir.
Yanğın təhlükəsizliyi ilə əlaqədar verilən məlumatda isə bildirilir ki, stansiyada yanğınsöndürmə su xətləri və nasosxana saz vəziyyətə gətirilmiş, avtomatik yanğınsöndürmə sistemləri təftiş edilmiş, ərazi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Xatırladaq ki, elektrik stansiyası səkkiz enerji blokundan ibarətdir. Blokların yenidən qurulması nəticəsində stansiyanın imkan gücü 2000 MVt-dan 2600 MVt-a yüksəlmişdir.