TƏMIR IŞLƏRI DAVAM ETDIRILIR
Qarşıdan gələn qış aylarında elektrik enerjisi təchizatında dayanıqlığı təmin etmək üçün “Quba Elektrik Şəbəkəsi”ndə məqsədyönlü işlər həyata keçirilib. Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilir ki, 110/35/10 kV-lik “Quba” yarımstansiyasındakı transformatorlarda yoxlama-sınaq işləri aparılıb, ayırıcılarda, 10 kV-lik yağ açarlarında cari təmir işləri aparılıb. Paralel olaraq 35/10 və 35/6 kV-lik yarımstansiyaların elektrik avadanlıqlarında da təmir işləri həyata keçirilib.
Mənbəyə istinadən qeyd edək ki, bütün 110 və 35 kV-lik hava xətlərində trassa üzrə ağaclar budanıb. 35 kV-lik “Qonaqkənd”, “Kanal”, “Nasos”, “Nügədi” yarımstansiyalarında cari təmir işləri görülüb. Həmçinin 10, 6 və 0,4 kV-lik şəbəkədə bir sıra xətlərin naqilləri, dayaq və izolyatorları dəyişdirilib. Konkret desək, 6 və 10 kV-lik xətlərdə 139 ədəd, 0,4 kV-lik xətlərdə 41 ədəd dayaq yenisi ilə əvəz edilib. 455 izolyator dəyişdirilib, rayon mərkəzində 14,6 kilometrə yaxın kabel xətti çəkilib.
Onu da qeyd edək ki, transformator məntəqələrinin aşağı gərginlik lövhələrində təmir işi aparılıb, o cümlədən kabellər daha keyfiyyətliləri ilə dəyişdirilib, 0,4 kV-lik ayırıcılar yenisi ilə əvəzlənib.
Mənbə onu da bidirdi ki, rayon əhalisini müntəzəm və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə şəhər və kənd kompleks transformator məntəqələrində və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılıb. Ümumilikdə rayon üzrə 13 transformator məntəqəsində, elektrik verilişi xətlərinin 17 kilometrində əsaslı təmir işləri həyata keçirilib. Uzun müddət istismarda olan və artıq yüklənmə rejimində işləyən güc transformatorları dəyişdirilib. Rayonun İspik, Susay, Küsnət, Paşaoba, Qəçrəş, Qələdüz və Amsar kəndlərində olan transformatorlar tələb olunan gücə uyğun analoqlarla əvəzlənib.
Sonda onu da qeyd edək ki, 35/10 kV-lik “Qonaqkənd” yarımstansiyasında 10 kV-lik müasir tipli yeni vakuum açar quraşdırılıb, eyni gərginlikli “Söhüb” və “Qonaqkənd” hava xətlərində 35 kV-lik yağ açarları əsaslı təmir olunub. 35/10 kV-lik “Kanal” yarımstansiyasında 2,5 MVA-lıq yeni transformator quraşdırılıb, 10 kV-lik çıxış xətlərinin sxemində dəyişikliklər aparılıb.
Eyni zamanda, şəbəkə kollektivi rayon mərkəzinin abadlaşdırılmasında da fəal iştirak edir. Belə ki, şəhərin “Heydər Əliyev” prospektinin bir hissəsində müasir tipli işıqlandırma dayaqları quraşdırılıb, 5 kilometr uzunluğunda yeraltı kabel xətti çəkilib. Quba meydanında yeni inşa olunmuş istirahət parkının müasir tipli işıqlandırma sisteminin quraşdırılmasına texniki köməklik göstərilib. “Fətəlixan” küçəsində 0,4 kV-lik xətlərin bir hissəsi SİP kabellə əvəz olunub, küçədə yeni inşa edilən yolun trassasına maneə törədən 10 kV-lik elektrik xəttinin dörd dayağı oradan kənarlaşdırılıb, şəhərin işıqlandırılması ilə bağlı digər işlər görülüb.