MÖVSÜMƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

Image

Istehlakçilara göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. Bütün elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Bərdə” elektrik şəbəkəsində (EŞ) də bu istiqamətdə xeyli işlər görülmüş və tədbirlər davam etdirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada qış mövsümünə hazırlıq işləri davam edir, istehlak edilmiş elektrik enerji haqlarının tam ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, cari ilin son üç ayı ərzində  müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 6,7 kilometr xətdə əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda 0,4 kV-lik şəbəkənin 12,7 kilometrindən artıq hissəsində əsaslı və cari təmir işləri də aparılmışdır. Bütün bunlarla yanaşı yenidənqurma işləri çərçivəsində 10 və 0,4 kV-lik xətlərdə ümumilikdə 52 dayaq və 26 traves dəyişdirilmişdir

Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 34 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Əldə etdiyimiz digər bir məlumata görə, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 213 istehlakçının (bunun 204-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 607,8 min kilovatsaatdan artıq (bunun 536,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin (36,5 min manatın) müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, 2012-ci ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 2447 qayda pozuntusu (bunun 2178-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilərək 9 milyon 668,6 min kilovatsaata yaxın (bunun 6 milyon 720,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 580,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə edilən məlumata istinadən sonda onu da qeyd edək ki, yenidən qurma və təmir işləri ilə yanaşı, xətlərə mane olan yaşıl kütlə təmizlənmişdir.