QIŞA HAZIRLIQ BAŞA ÇATIB
“Qışa hazırlıq tədbirlərini tam yerinə yetirmişik. Xətlərin trassası yaşıl kütlədən təmizlənib. Boşalmış naqillər çəkilib qaydaya salınıb. Güc transformatorları təmizlənib, yağ əlavə olunub. Yarımstansiyalardakı açarlar daha müasirləri ilə əvəzlənib. Əhali və digər istehlakçı qruplar fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilir”.
“Şəmkir” elektrik şəbəkəsi”ndən (EŞ) görülmüş işlər barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir. Məlumata görə, son iki ayda abonentlər üçün 198 yeni sayğac quraşdırılıb, 410 ədəd sayğac dəyişdirilib. Gücü 1,08 MVA olan 4 ədəd transformatorda əsaslı təmir işləri aparılıb. Şəbəkə kollektivi 6-10 kV-lik elektrik verilişi xətlərinin 9 kilometrində, 0,4 kV-lik elektrik verilişi xətlərinin isə 5 kilometrində təmir işləri görüb. 18 transformator məntəqəsi əsaslı, ümumi gücü 8,5 MVA olan 18 transformator isə cari təmir edilib.
“Tovuz” elektrik şəbəkəsindən əldə edilən məlumata görə, rayonunun enerji təchizatçıları da son aylarda analoji tədbirlər həyata keçiriblər. Şəbəkə üzrə 147 ədəd yeni sayğac quraşdırılıb, istifadəyə yararsız xeyli sayğac isə dəyişdirilib. 6-10 kV-lik dayaqlardan 18-i yenisi ilə əvəz edilib. Kompleks transformator məntəqələrinin 7-də və 5 ədəd transformatorda əsaslı təmir aparılıb.
Qeyd edək ki, bütün bunlarla yanaşı rayonun müxtəlif ərazilərində 6-10 və 0,4 kV-lik EVX-də cari təmir işləri görülüb. Gücü 2,18 MVA olan 10 ədəd transformator cari təmirdən çıxarılıb, üç ədəd 6-10 kV-lik vakuum açarı quraşdırılıb. Bu şəbəkədə də qış mövsümünə dair tədbirlər planı demək olar ki, yerinə yetirilib.
Yeri gəlmişkən, “Gəncə REŞ”də bir sıra tədbirlər həyata keçirilib ki, bu da enerji verilişinin dayanıqlığına və keyfiyyətinə müsbət təsir göstərib. Belə ki, 110/35/6 kV-lik "Daşkəsən" yarımstansiyasında 2 nömrəli 20 MVA-lıq transformatorun 110 kV-lik, 110/35/6 kV-lik "Daş Salahlı" yarımstansiyasında isə 4 MVA-lıq transformatorun 35 kV-lik yağ açarlarının cari təmiri həyata keçirilib. 110/35/10 kV-lik "S.Vurğun" yarımstansiyasından qidalanan 35 kV-lik "Tatlı" hava xəttinin 10 kV-lik vakuum açarının cari təmiri də aparılıb. Bununla yanaşı, müxtəlif gücə malik "Melxior", "AzKTA", "Qandallar" yarımstansiyalarında transformatorların, yağ açarlarının cari və əsaslı təmirləri də görülən işlər sırasındadır.
Onu da qeyd etmək yerinə düşərdi ki, yüksək gərginlikli elektrik verilişi xətləri üzrə müəssisədə ardıcıl olaraq təmir işləri görülüb. 330 kV-lik "Gəncə Alüminium Zavodu", "Ağstafa", 35 kV-lik 1-ci "Alabaşlı" EVX-lərdə cari təmir işləri başa çatıb.
Müəssisənin energetikləri bunlarla arxayınlaşmır, cari və əsaslı təmir işlərini zəruri nöqtələrdə həyata keçirirlər.